Azərbaycanda taxıl satışının aktivləşdirilməsi üçün xarici un istehsalçıları ilə görüşlər keçirilir

Azərbaycanda taxıl satışının aktivləşdirilməsi üçün xarici un istehsalçıları ilə görüşlər keçirilir
# 30 avqust 2008 12:10 (UTC +04:00)
Şəki. APA – Nicat Mustafayev. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə bu gün Şəki rayonunda yerli taxıl istehsalçıları ilə görüş keçirilib.
APA-nın Şəkiyə ezam olunmuş müxbirin verdiyi məlumata görə, görüşdə Türkiyənin un istehsal edən «Fatoğlu» şirkətinin rəsmi nümayəndələri də iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycanda istehsal olunan taxılın fermerlər tərəfindən satışı prosesinin aktivləşdirilməsidir.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, bu il respublikada qarğıdalı istisna olmaqla, ümumilikdə 2,3 mln. ton taxıl istehsal edilib və bunun 1,6 mln. tonu buğdanın payına düşür. Bölgələr arasında ən yüksək istehsal göstəricisi isə Şəki rayonunda qeydə alınıb. Belə ki, cari ildə Şəkidə 211 min ton taxıl, o cümlədən 145 min ton buğda istehsal olunub.
Lakin S.Həsənova yüksək göstəricilərin nail olunmasına baxmayaraq, azərbaycanlı fermerlərin istehsal olunmuş məhsulun satışında ciddi problemlərlə üzləşdiyini və bu sahədə durğunluğun yarandığını vurğulayıb. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi istehsal edilmiş taxılın satılması və un istehsalının təşkili məqsədli ilə xarici şirkətlərlə əlaqə yaradıb və onları bu prosesə cəlb etmək niyyətindədir. Artıq «Fatoğlu» şirkətinin təmsilçiləri yerli istehsalçılarla görüşlər keçirib və taxılın alınmasına dair tərəflər arasında razılıq əldə olunub. Un istehsalçısı buğdanı keyfiyyətindən asılı olaraq razılaşdırılmış qiymətlə alacaq. Prosesə digər xarici şirkətlərin də cəlb edilməsi planlaşdırılır. İstehsal olunacaq unun ölkə daxilində satılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR