Gələn il Azərbaycanda ərzaq buğdasının əkin sahəsi daha 3% artırılacaq

Gələn il Azərbaycanda ərzaq buğdasının əkin sahəsi daha 3% artırılacaq
# 08 sentyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda 620 min hektar sahədə ərzaq buğdasının əkilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.
İ.Abasovun sözlərinə görə, bu 2008-ci ildə əkilmiş sahədən təxminən 17 min hektar və ya 2,8% çoxdur.
«Buğda əkilmiş sahələri genişləndirmək, eləcə də keyfiyyətli toxumlardan istifadə etməklə məhsuldarlığı artırmağı düşünürük. Ölkədə taxıl istehsalçılarına dövlət tərəfindən kompensasiyanın verilməsi də əkin sahələrinin artmasına şərait yaradır», - deyə nazir vurğulayıb.
Cari il üçün Azərbaycanda əkilmiş payızlıq və yazlıq dənli, dənli paxlalı bitkilərin sahəsi 863,9 min hektar olub və bunun təxminən 70%-i (603 min hektar) ərzaq buğdasının payına düşür.
Qeyd edək ki, hazırda taxıl istehsalçılarına əlavə olaraq hər 1 hektar əkin sahəsinə görə 40 manat yardım ödənilir. Ümumilikdə, taxıl istehsalçıları 1 ha əkin sahəsinə görə 80 manat (40 manat kənd təsərrüfatı ilə məşğul olan bütün istehsalçılara verilir + 40 manat taxıl əkininə görə) subsidiya verilir. İstehsalçılara işlətdikləri yanacaq, sürtgü yağları və mineral gübrələrin dəyərinin 50%-nin dövlət büdcəsi hesabına subsidiya şəklində ödənilir. Bu məqsədlə 2008-ci ilin dövlət büdcəsində 80 mln. manat həcmində vəsait nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR