Azərbaycanda fermerlərin kartlarına indiyədək 75 mln. manat subsidiya köçürülüb

Azərbaycanda fermerlərin kartlarına indiyədək 75 mln. manat subsidiya köçürülüb
# 10 mart 2020 15:20 (UTC +04:00)

Azərbaycanda 180 min fermerin subsidiya vəsaiti fermer kartlarına köçürülüb.

"APA-Economics"in məlumatına görə, bunu subsidiyaların verilməsi, fermer kartlarının paylanması və güzəştli gübrə satışı ilə bağlı təşkil olunan brifinqdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu günədək AKİA tərəfindən payızlıq əkin üçün fermerlərin kartlarına 75 mln. manat subsidiya vəsaiti köçürülüb.

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474 520 fermer qeydiyyatdan keçib. 361 307 fermer payızlıq əkinlərini bəyan edib. Bəyanlara görə, ölkədə 993 718 hektar sahədə əkin aparılıb. 279 553 fermerin kartı hazırdır. 102 500 fermer kartını götürüb. 156 391 fermerin kartı isə “Kapital Bank”ın region filiallarındadır və fermerlər yaxınlaşıb götürə bilərlər", - deyə M. Əliyev qeyd edib.

O həmçinin bildirib ki, bu il ölkədə ilk dəfə olaraq fermerlər subsidiyanı elektron sistem üzərindən aldıqlarından bəzi məsələlərdə çaşqınlıqları var. Görülən böyük işlərə baxmayaraq, fermerlərin bəzi məsələlərdə məlumatsızlıqları hələ də mövcuddur: "Fermerləri çaşdıran əsas məsələlərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır. Biz fermerlər kimi, təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratsaq da, rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğatlarını aparmalıdırlar. Doğrudur, biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika və fermerlə əlaqələri yaxşılaşdırmalıdırlar".

M. Əliyev əlavə edib ki, fermerlər kartla alış-verişə alışmayıblar. Qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında da nağdlaşdırıla və nağdlaşdırıla bilinməyən balanslar ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd və ya nağdsız vəsaiti ilə ödəməlidir.

"Bu ilədək gübrə satışındakı mövcud olan qaydalara görə qiymətin 70%-ni dövlət təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız ödədiyi 30%-i qiymət kimi görürdü. İndi isə həmin vəsait fermerə subsidiya kimi köçürülür və fermerlər gübrə-pestisidlərin satışında dövlətin güzəşt etmədiyini düşünürlər", - deyə M. Əliyev bildirib.

AKİA sədri analoji halla əkin bəyanı etməyənlərin də rastlaşdığını qeyd edib: "Subsidiya üçün müraciət etməyənlər gübrə qiymətlərindəki güzəşti görə bilmirlər. Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik. Əkin bəyanı üçün fermerin sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qaydasında hazırlamalı, kooperativlər fərdin deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar".

Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR