Azərbaycan Rusiyaya qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair iki sənəd layihəsi təqdim edib

Azərbaycan Rusiyaya qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair iki sənəd layihəsi təqdim edib
# 17 noyabr 2021 11:04 (UTC +04:00)

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair korrektə olunan iki sənəd layihəsini təqdim edib.

"APA-Economics" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, bu barədə iki qurum arasında keçirilən görüş zamanı bildirilib.

Söhbət Azərbaycan və Rusiya hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında və AQTA ilə "Rosselxoznadzor" arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişlərdən gedir.

Hər iki tərəf sözügedən sənədlərin yaxın zamanda razılaşdırılmasına maraqlı olduqlarını bildirib.

Görüş zamanı həmçinin iki qurum arasında baytarlıq nəzarəti sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Xüsusilə, transsərhəd heyvan xəstəliklərinin dövlətlərin ərazilərində yayılmasının qarşısının alınması və onlarla mübarizə üsulları mövzusu qaldırılıb. Bununla bağlı heyvan xəstəliklərinin viruslarının identifikasiyası sahəsində elmi əməkdaşlığın zəruriliyi səsləndirilib. Bundan əlavə, baytarlıqda istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin dövriyyəsinə nəzarət çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR