Azərbaycanda istehsal edilən aqrar məhsulların ucuzlaşması üçün zəmin yaradılır

Azərbaycanda istehsal edilən aqrar məhsulların ucuzlaşması üçün zəmin yaradılır
# 17 noyabr 2021 16:55 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılması təklif olunub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, bu da daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlib.

Belə ki, 2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.

Bu istiqamətdə birinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.

İkinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisə təqdim olunub və onların üzərində müzakirələr davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR