Nazir: "Özəl xidmətə keçid baytarlıq sahəsində sağlam rəqabət mühiti yaradacaq"

İnam Kərimov

© APA | İnam Kərimov

# 31 avqust 2021 11:36 (UTC +04:00)

Azərbaycanda özəl xidmətə keçdikdən sonra baytarlıq mütəxəssisləri sağlam rəqabət mühitində çalışacaqlar.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə özəl baytarlıq sisteminə keçidə start verilməsinə həsr olunan konfransda çıxışı edərkən deyib.

Onun sözlərinə görə, bu rəqabət mühiti onlara öz bilik və bacarıqlarını daha da inkişaf etdirmək, müasir standartlara uyğun xidmət keyfiyyətlərinə sahib olmaq zərurəti yaradacaq.

"Rəqabət mühiti son nəticədə heyvandarlıqda göstərilən xidmətlərin keyfiyyətini artıracaq ki, bundan da həm mütəxəssislərimiz, həm də fermerlərimiz uduşlu çıxacaqlar. Özəl baytarlıq xidmətinə keçid prosesi dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1 624 baytarlıq mütəxəssisini əhatə edir. Yeni sistemin tətbiqindən sonra baytar mütəxəssislər öz əmək funksiyalarını Əmək Müqaviləsi ilə deyil, xidməti müqavilə əsasında həyata keçirəcəklər. Bu da, öz növbəsində, gənc mütəxəssislərin sahəyə marağını, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artıracaq və bununla da, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti yüksəldiləcək", - deyə İ. Kərimov bildirib.

Nazir əlavə edib ki, aparılan islahatlar beynəlxalq təcrübə nəzərə alınaraq həyata keçirilib: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq, həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına imkan verəcək. Bundan başqa, baytarlıq mütəxəssisləri daha yüksək gəlir əldə edəcək, gənc mütəxəssislərin işlə təminatı daha da yaxşılaşacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR