Un istehsalçılarına subsidiyanın verilməsi qaydası müəyyənləşib

Un istehsalçılarına subsidiyanın verilməsi qaydası müəyyənləşib
# 07 iyun 2021 13:11 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nı təsdiqləyib.

APA-nın məlumatına görə, Qayda Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarının icrası məqsədilə hazırlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq etməli idi.

Beləliklə, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”na görə, un istehsalçısı dedikdə, Azərbaycan Respublikasının ərazisində un istehsalı üçün mülkiyyətində, yaxud istifadəsində olan zəruri avadanlıqlardan istifadə etməklə xammaldan (alınmış və ya idxal edilmiş ərzaqlıq buğdadan) bilavasitə un istehsal edərək istehsal etdiyi unu təqdim edən və (və ya) təsərrüfatdaxili qaydada digər təsərrüfat subyektində (obyektində) emal edərək un məmulatı təqdim edən şəxslər nəzərdə tutulur. Un istehsalçıları tərəfindən subsidiya alınması üçün istehsal edilmiş unun və ya istehsal edilmiş undan emal edilmiş un məmulatlarının satışını təsdiq edən elektron qaimə-faktura məlumatlarını və istehsalla bağlı “istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” məlumatlarını növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edirlər. Un istehsalçıları tərəfindən bu Qaydada müəyyən edilən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə həmin müraciətlər növbəti ay üzrə nəzərə alınır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təqdim edilmiş məlumatları ümumiləşdirir, bu Qaydaya uyğun olaraq dəqiqləşdirir və müvafiq ay üzrə un istehsalçılarına ödəniləcək vəsaitlərin məbləğinin (un istehsalçıları tərəfindən satılmış unun və ya satışı həyata keçirilmiş emal edilmiş un məmulatlarının istehsalına yönəldilmiş unun hər tonunu 35 manat subsidiya məbləğinə vurmaqla) hesablanmasını və cari ayın 15-dək icmallaşdırılmasını təmin edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşağıdakı məlumatlar əsasında un istehsalçılarına ödəniləcək subsidiyanın hesablanması üçün əsas olan un çəkisinin azaldılması, məhdudlaşdırılması və ya qismən məhdudlaşdırılması barədə qərar qəbul edə bilər:

- müvafiq un istehsalçısı tərəfindən Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunduqda;

- müvafiq un istehsalçısının un satışı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli əməliyyatlar aparması müəyyən olunduqda;

- müvafiq un istehsalçısı tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya məhdudlaşdırılması halları müəyyən olunduqda.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarına alacaqları subsidiyanın məbləği, habelə subsidiya məhdudlaşdırıldığı təqdirdə müvafiq izahatı özündə əks etdirən bildirişi cari ayın 20-dək göndərir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu Qaydaya əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı ödəniş sifarişini cari ayın 20-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 bank günü ərzində təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR