İran Mülki Aviasiya Təşkilatı: Təyyarə qəzası ilə bağlı araşdırma uzun müddət davam edəcək

İran Mülki Aviasiya Təşkilatı: Təyyarə qəzası ilə bağlı araşdırma uzun müddət davam edəcək
# 10 yanvar 2020 13:06 (UTC +04:00)

İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə yanvarın 8-də İranda qəzaya uğramış Ukrayna təyyarəsinin raketlə vurulmadığında israr edir.

APA-nın məlumatına görə, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz əminliklə deyə bilərik ki, bu təyyarəyə raket dəyməyib. Təyyarə uçuş vəziyyətində dəqiqə yarım yanıb, pilotlar aeroporta qayıtmaq qərarı veriblər. Pilotların niyə əlaqəyə çıxa bilməmələrinin çox səbəbi ola bilər. İlk növbədə, onlar təyyarəni xilas etməli idilər”, - deyə Ə. Abedzadə vurğulayıb.

O qeyd edib ki, təyyarə qəzası ilə bağlı araşdırma uzun müddət davam edəcək: “Araşdırmanın 1-2 il müddətinə aparılacağını düşünürük. Qara qutudan məlumatın əldə edilməsi isə bir neçə ay davam edə bilər”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər.

Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarəyə raketin dəydiyinə dair versiyanın istisna olunmadığını, lakin bunun hələlik təsdiqlənmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR