İran Prezidenti dünya ölkələrinə müraciət edib

#
# 11:33
15 mart 2020

İran prezidenti Həsən Ruhani koronavirusla bağlı müxtəlif ölkələrin liderlərinə məktub ünvanlayıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani məktubunda bildirib ki, bu epidemiya sərhəd tanımır, qurbanlarını da siyasi, milli, irqi və dini fərqliliyinə görə seçmir.

Məktubda qeyd olunur ki, bu virusla beynəlxalq və regional əməkdaşlıq çərçivəsində, eləcə də koordinasiyalı şəkildə mübarizə aparmaq lazımdır: "Xalqın ehtiyaclarının təmini, yoxsul və az gəlirli insanlara maliyyə yardımının göstərilməsi, tibbi və müalicə xərcləri və s. kimi əlavə xərclərə ehtiyac var. Digər tərəfdən, bunları icra etmək üçün güclü iqtisadi dayaq və maliyyə vəsaitinə ehtiyac var. İran İslam Respublikası digər ölkələrdən fərqli olaraq, daha çox maneə və ciddi məhdudiyyətlərlə üzləşib. Bu məhdudiyyətlər son 2 ildə ölkəmizə qarşı tətbiq olunan qanunsuz sanksiyalardan və ABŞ-ın təkqütblü maksimum təzyiq siyasətindən irəli gəlir. ABŞ son illər ərzində İrana qarşı 100-dən çox sanksiya tətbiq edib. 1200-dən çox İran rəsmisini sanksiya siyahısına salıb. Bu sanksiyalar İran iqtisadiyyatına birbaşa 200 milyard dollar ziyan vurub. Bütün əcnəbi şirkətlər bu sanksiyaları icra edir. ABŞ bu geniş yayılmış böhranın pik həddində belə digər ölkələrdən İrana humanitar yardım göndərməməyi tələb edir”.

Bundan əlavə, Prezident bildirib ki, İran koronavirusla mübarizədə atdığı addımlarla bağlı ÜST -ə məlumat verib: “Bu böyük və təhlükəli koronavirus böhranının idarə edilməsi təklikdə heç bir ölkənin  gücündə deyildir. Hələ beynəlxalq bazarlara və maliyyə sistemlərinə əli çatmayan, öz ehtiyaclarının təminində problemlərlə üzləşən bir ölkə üçün heç də asan deyil".

 İran Prezidenti koronavirusla mübarizə və onu məğlub etməyin yolunu ümumdünya öhdəlik adlandırıb: "BMT-nin 2231 qətnaməsinə əsasən, bütün ölkələr öz öhdəliklərini yerinə yetirməlidir ki, ABŞ-ın qanunsuz sanksiyaları təsirsiz olsun".

H. Ruhani bildirib ki, ABŞ-ın İrana qarşı qanunsuz sanksiyaları və digər ölkələrin buna əməl etməsi BMT qətnamələrinə zidd olmaqla yanaşı, qeyri-etik və insanlığa sığmayan bir addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR