İraq parlamenti yeni seçki qanununu qəbul edib

#
# 07:25
25 dekabr 2019

İraq parlamenti etirazçıların bir neçə aydır tələb etdiyi yeni seçki qanununu səsverməyə çıxarıb və qəbul edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, parlamentin spikeri Məhəmməd əl-Halbusi səsvermənin nəticələrini və qanunun qəbul edildiyini açıqlayıb. O, həmçinin ölkədə məmurların ikili vətəndaşlıq almasına icazə verilməyəcəyini də bildirib.

Bu qanuna görə, ölkədə qanunverici məclisin növbədənkənar seçkiləri keçirilə bilər. Qanuna əsasən, ən çox səs toplayanlar seçkilərin qalibi olacaq, namizədlər isə fərdi qaydada irəli sürüləcək. Səsvermə əvvəllər deputatlar arasındakı ziddiyyətlərə görə dəfələrlə təxirə salınıb.

Qeyd edək ki, İraqda oktyabrın əvvəlindən kütləvi etirazlar davam edir. Nümayişçilər hökumətin istefasını tələb edərək, korrupsiyaya, işsizliyə və ağır yaşayış şəraitinə qarşı mübarizə aparırlar. KİV-də yayılan məlumatlara görə, 400-dən çox insan etirazçılarla polis arasında baş verən qarşıdurmaların qurbanı olub, 15 minə yaxın insan isə yaralanıb. Etirazçıların təzyiqi nəticəsində İraqın Baş Naziri Adel Abd əl-Mehdi istefa verib və növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR