KİV: Beyrutda vəziyyət nisbətən sabitləşib - YENİLƏNİB-2

KİV: Beyrutda vəziyyət nisbətən sabitləşib - YENİLƏNİB-2
# 09 avqust 2020 06:03 (UTC +04:00)

Livanın paytaxtı Beyrutun mərkəzi hissələrində kütləvi iğtişaşlardan sonra nisbi sakitlik yaranıb, vəziyyət normallaşmağa başlayıb.

APA xəbər verir ki, bu barədə “Lebanon 24” telekanalı məlumat yayıb.

Etirazçılar paytaxt limanında baş verən partlayışla əlaqədar beynəlxalq araşdırma aparılmasını tələb edirlər. “Al Arabiya” telekanalı canlı olaraq yüzlərlə insanın paytaxtın bəzi küçələrində hələ də qaldığını göstərib. Nümayişçilər arasında çox sayda gənc, qadın və uşaqlar da var. Ancaq hər hansı iğtişaş və ya toqquşma müşahidə edilmir.

***

Saat 23:59

Beyrutda etirazçılar tərəfindən zəbt olunmuş Livan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alan hərbçilər onları binadan çıxmağa məcbur edə bilib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, əsgərlər içəri daxil olaraq etirazçıları oradan qovublar. Bundan başqa, hərbi bölmələr Energetika Nazirliyi binasına da cəlb olunub və orada hər kəsdən binanı könüllü olaraq tərk etmələri tələb edilib.

Bundan bir qədər əvvəl isə “Al Mayadeen” telekanalının verdiyi xəbərə görə, hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı bir qrup insan Livan nazirliklərinin binalarına daxil olaraq orada sənədləri məhv ediblər. Telekanalın verdiyi məlumata görə, “nazirlik binalarına daxil olduqdan sonra insanlar ilk növbədə oradakı sənədləri məhv ediblər”.

“1992-ci ildən bəri korrupsiya ilə əlaqəli sənədlərin məhv edilməsi üçün bir plan irəli sürülüb”, - deyə telekanala bir mənbə bildirib.

Qeyd edək ki, son bir saat ərzində Beyrutun mərkəzində etirazçılar bir sıra nazirliklərin – qərargah qurduqları Xarici İşlər Nazirliyinin, habelə İqtisadiyyat, Ətraf Mühit və Energetika Nazirliklərinin binalarını zəbt ediblər. Bundan əlavə, Livan Banklar Assosiasiyasının qərargahının ələ keçirildiyi bildirilib. “Al Arabiya” telekanalının verdiyi məlumata görə, bina yandırılıb, digər bir məlumata görə, gözyaşardıcı qaz vasitəsilə etirazçılar oradan uzaqlaşdırılıb.

***

Saat 21:15

Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalının Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.

Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.

“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar.

Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 130 nəfər xəsarət alıb.

***

Saat 20:06

Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasını zəbt ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR