Vyetnamda son 3 ayda koronavirusa ilk yoluxma halı qeydə alınıb

Vyetnamda son 3 ayda koronavirusa ilk yoluxma halı qeydə alınıb
# 25 iyul 2020 15:01 (UTC +04:00)

Son 3 ay ərzində Vyetnamda ölkə daxilində yeni növ koronavirusa (COVID-19) ilk yoluxma halı qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, son 100 gün ərzində Vyetnamda qeydə alınan koronavirusa yoluxma faktı yalnız ölkəyə gələnlərdə qeydə alınıb.

Vyetnamın Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19-a Dananq şəhərinin sakini olan 57 yaşlı bir kişi yoluxub. Hazırda onun əlaqə saxladığı 50 nəfər təcrid olunub.

Sözügedən vyetnamlının COVID-19-a yoluxması araşdırılır. Məlum olub ki, o, Dananqı son bir ayda tərk etməyib. İlkin olaraq 57 yaşlı kişiyə sətəlcəm diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Vyetnamın beynəlxalq kommersiya aviareyslərini bərpa etmək istədiyi və daxili turizm sürətlə inkişaf etdiyi bir zamanda ölkədə yeni koronavirus xəstəsi qeydə alınıb. Hazırda Vyetnam paytaxtının rəhbərliyi sakinlərdən yenidən ictimai yerlərdə maska taxmağı tövsiyə edir. Ölkənin beynəlxalq kommersiya uçuşlarına qadağası hələ də qüvvədədir, lakin məcburi karantindən keçdikləri təqdirdə xarici mütəxəssislər və təcrübəli işçilər ölkəyə daxil ola bilər.

Xatırladaq ki, ümumilikdə, Vyetnamda 410 nəfərdən çox insan koronavirus infeksiyasına yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR