Mahmud Əhmədinejat prezidentliyə namizədliyini irəli sürüb

İranın sabiq prezidenti Mahmud Əhmədinejat

© APA | İranın sabiq prezidenti Mahmud Əhmədinejat

# 12 may 2021 12:38 (UTC +04:00)

İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, o bu gün səhər öz tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

Namizədlərin qeydiyyatının ikinci günü həmçinin İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi də öz namizədliyini irəli sürüb. Bundan başqa, Əhmədinejadın prezidentliyi dövründə kənd təsərrüfatı naziri işləmiş Sadiq Xəlilyan da namizədliyini irəli sürüb.

Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin edilib. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, namizədlərin qeydiyyatının ilk günü 57 nəfər qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR