Qəzza zolağında gərginlik: İsrail HƏMAS-ın mövqelərinə cavab zərbələri endirir - VİDEO

#
# 23:20
10 may 2021


İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq "Həmas" qruplaşmasının mövqelərinə zərbə endirir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrisus məlumat verib.

Konrisus bildirib ki, axşam saat 6-dan bəri "Həmas" İsrailə qarşı açıq şəkildə hücum edir: “Bunu İsrailə qarşı çox ciddi bir hücum hesab edirik. “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən onlarla mərmi zərəsizləşdirilib”.

Mətbuat katibi əlavə edib ki, pilotsuz təyyarə ilə Qəzza zolağında üç “Həmas” zabiti vurulub.

Qeyd edək ki, bazar ertəsi Qüdsə və ölkənin cənubunda yerləşən Aşkelon, Sderot və Qəzza zolağına bitişik ərazilərə hava hücumları olub. 

İsrailə edilən raket zərbələrinə görə məsuliyyəti “Həmasın”ın hərbi qanadı “Əl-Qəssam” Briqadası öz üzərinə götürüb. 

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hava hücumları nəticəsində üçü yeniyetmə olmaqla, 9 nəfərin öldüyünü bildirib. 

Konrisus isə öz növbəsində, hərbçilərin bu məlumatları yoxladığını, hələ təsdiq və ya inkar edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Qüdsdə baş verənləri müzakirə edib. 
APA-nın Tehran bürosunun məlumatına görə, tırəflər razılaşıb ki, BMT Təhlükəsizlik Şurası bugünki iclasında  Qüdsdəki hadisələrlə bağlı təsiredici qərar qəbul edilməzsə,  iki ölkə beynəlxalq mexanizmlər çərçivəsində birgə iş görsün. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə komitəsinin fövqəladə iclasını çağıraraq məsələni diqqətdə saxlasınlar.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR