Oksford Universiteti: “İranın daxili işlər naziri universitetimizin diplomunu saxtalaşdırıb”

Oksford Universiteti: “İranın daxili işlər naziri universitetimizin diplomunu saxtalaşdırıb”
# 14 avqust 2008 09:51 (UTC +04:00)
Tehran-APA. İranın yeni daxili işlər naziri Əli Kordanın malik olduğu Oksford Universitetinin diplomu saxtadır. APA-nın “Assosiated Press”ə istinadən yaydığı məlumata görə, bununla bağlı universitetin rəhbərliyi rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, universitet Əli Kordana heç zaman hüquq elmləri doktoru fəxri adına layiq görməyib və bununla bağlı yeni daxili işlər nazirinin İran parlamentində səsləndirdiyi fikirlər yanlışdır.

Qeyd edək ki, Əli Kordan öz iddiasını isbatlamaq üçün 2000-ci ilin iyununda Oksford Universitetindən aldığı diplomu nümayiş etdirib. Universitet rəhbərliyi isə İran mətbuatında fotosu dərc olunan diplomda çoxlu sayda orfoqrafik, stilistik və tərtibat səhvlərinin olduğunu bildirib. Rəhbərlik qeyd edib ki, nümayiş olunan diploma imza atan şəxslər doğrudan da Oksford Universitetinin professorlarıdır, amma onların hüquq elminə heç bir aidiyyəti yoxdur və elmi dərəcələrin verilməsi haqqında sənədləri imzalamaq hüququna sahib deyillər.

Əli Kordan iyunun 5-də İran parlamentində keçirilən səsvermə nəticəsində ölkənin yeni daxili işlər naziri təyin olunub. Müzakirələr zamanı onun namizədliyinin əleyhinə çıxanlar Əli Kordanın kifayət qədər peşəkar olmadığını və hüquq təhsili almadığını əsas gətiriblər. İran Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız adlandırıb və Əli Kordanın Oksford Universitetindən aldığı diplomun həqiqi olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR