Corc Buşa ayaqqabı atmış iraqlı jurnalistin məhkəməsi dekabrın 31-də keçiriləcək

Corc Buşa ayaqqabı atmış iraqlı jurnalistin məhkəməsi dekabrın 31-də keçiriləcək
# 22 dekabr 2008 10:43 (UTC +04:00)
Bağdad-APA. ABŞ prezidenti Corc Buşa ayaqqabı atmış iraqlı jurnalist Müntəzir əz-Zeydinin məhkəməsi dekabrın 31-də keçiriləcək. APA-nın məlumatına görə, jurnalistə qarşı rəsmi səfər zamanı xarici dövlətin başçısını təhqir etmək maddəsi ilə cinayət işi başlanıb. Yerli qanunlara görə, ittihamlar sübut olunacağı təqdirdə jurnalisti 5 ildən 15 ilədək həbs cəzası gözləyir. Lakin jurnalistin təqsirləndirildiyi maddə “hücuma cəhd” maddəsi ilə əvəzlənsə, o zaman əz-Zeydi maksimum 5 il həbsdə qalacaq. Jurnalistin vəkili cinayət işinə terrorçuluq işlərini araşdıran Mərkəzi Cinayət Məhkəməsində deyil, adi məhkəmədə baxılmasını tələb etsə də, bu tələbə məhəl qoyulmayıb.

Qeyd edək ki, 29 yaşlı jurnalist İraqın baş naziri Nuri əl-Malikinin mühafizəçilərinin qanunsuz əməlləri ilə bağlı məhkəməyə müraciət edib. O insidentdən dərhal sonra mühafizəçilər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. Jurnalist bildirib ki, döyülmə nəticəsində dişləri sınıb və göz nahiyəsində qanaxma olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR