Artur Lenk: “Qəzza zolağında ölənlərin əksəriyyəti “HAMAS” fəallarıdır”

Artur Lenk: “Qəzza zolağında ölənlərin əksəriyyəti “HAMAS” fəallarıdır”
# 05 yanvar 2009 14:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “İsrailin hərbi əməliyyatlara başlamaqda məqsədi terrorçuların infrastrukturuna zərbə endirmək, onların imkanlarını məhdudlaşdırmaq, əhalinin təhlükəsizliyini təmin etməkdir”. APA-nın məlumatına görə, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib. O, İsrail dövlətinin Fələstin xalqı ilə düşmən olmadığını, onların firavan yaşamağını arzuladıqlarını bildirib: “Biz onların yaxşı həyat qurub, firavan yaşamaqlarını istəyirik, lakin “HAMAS” buna mane olur. “HAMAS” hücumları dayandırsa, İsrail də əməliyyatları dayandıracaq. Biz Qəzza zolağını əla keçirmək istəmirik, onu özümüzə qaytarmaq istəmirik, biz istəyirik ki, Fələstin xalqı çox stabil bir həyat qursun, övladları stabil şəraitdə yaşasın”.

Hərbi əməliyyat zamanı itkilərin sayı ilə bağlı sualı cavablandıran diplomat deyib ki, bunu demək çətindir. Əməliyyatlar zamanı uşaqların qətlə yetirilməsinə münasibət bildirən səfir deyib ki, ölənlərin böyük əksəriyyəti “HAMAS” fəallarıdır: “İsrailin hədəfi qadın və uşaqlar deyil, belə bir hal varsa, məsuliyyəti “HAMAS” daşıyır, çünki onlar məktəblərdən, xəstəxanalardan sığınacaq kimi istifadə edirlər”.

İsrailə qarşı “ikinci cəbhə”nin açılması ehtimalını dəyərləndirən Artur Lenk bunu istisna etməyib: “Ola bilər ki, “Hizbullah” və ya Suriya şimaldan yeni cəbhə açmaq fikrinə düşsün. Lakin, bu, İsrail üçün şok effekti doğurmayacaq, biz buna hazırıq və müvafiq cavab verəcəyik. “Hizbullah” lideri hər gün bəyanat verir, Fələstin xalqına deyir ki, mən sizinləyəm, biz də fikirləşirik ki, qoy o bəyanatlarını verməkdə olsun. Amma biz istərdik ki, Fələstin xalqı üçün sülhdən, sabitlikdən və əmin-amanlıqdan danışan olsun. Çünki Fələstin xalqı çox əziyyət çəkib. Məndə ailə başçısı kimi, qorxu altında yaşayan uşaqların valideynləri kimi, düşünürəm ki, onlar da yaxşı həyata layiqdirlər. Mən istərdim ki, onlar Fələstin xalqı üçün məhz bu gün yaxşı həyat arzu etsinlər”.

Nardaranda etiraz aksiyasının keçirilməsinə münasibət bildirən A. Lenk deyib ki, etiraz aksiyası keçirmək, müxtəlif baxışlara malik olmaq onların hüquqlarıdır: “Hesab edirəm ki, Bakının başqa yerlərində də fərqli fikirdə olan insanlar var”.

Hərbi əməliyyatların fevralda İsraildə keçiriləcək parlament seçkilərinə təsirindən danışan səfir bildirib ki, seçki kampaniyası dayandırılıb: “Bu gün İsraildə heç bir müxalifət yoxdur, hər kəsin istəyi ondan ibarətdir ki, ölkənin cənubunda yaşayan insanlar təhlükəsiz şəraitdə yaşasınlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR