100-dək Əfqanıstan əsgəri "Taliban"dan qaçaraq Tacikistana keçib

100-dək Əfqanıstan əsgəri "Taliban"dan qaçaraq Tacikistana keçib
# 05 iyul 2021 08:37 (UTC +04:00)

Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın Bədəxşan vilayətinin Hohon bölgəsini ələ keçirdikdən sonra təxminən 100 əfqan əsgəri Tacikistana keçmək məcburiyyətində qalıb.

APA xəbər verir ki, bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, bazar günü saat 18:00-da “Taliban” bu bölgəni döyüşsüz ələ keçirib.

“Əfqanıstan Silahlı Qüvvələrinin 94 hərbçisi geri çəkilib və şəxsi heyətini qorumaq üçün Tacikistanın “Şohon” məntəqəsində dövlət sərhədini keçiblər”, - məlumatda belə deyilir.

Qeyd olunur ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq, Əfqanıstan hökumət qüvvələrinin geri çəkilən hərbçilərinin öz ərazilərinə girməsinə icazə veriblər.

Qeyd edək ki, bundan əvvəl “Taliban”la döyüşdən sonra 300-dən çox Əfqanıstan sərhədçilərinin Tacikistanla dövlət sərhədini keçdikləri bildirilmişdi.

Son 24 saat ərzində “Taliban” silahlıları Əfqanıstanın 13 bölgəsinə nəzarəti ələ keçiriblər. Bu, “Taliban”ın qısa müddətdə ələ keçirməyi bacardığı maksimum bölgədir. Məlumata görə, hazırda “taliban”çılar ölkənin 370 rayonunun 110-na nəzarət edirlər.

Əfqanıstan Müdafiə Nazirliyi də öz növbəsində son bir gündə 9 əyalətdə gedən döyüşlərdə 224 “Taliban” döyüşçüsünün öldürüldüyünü bildirib və zəbt olunmuş ərazilərin geri qaytarılacağına vəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR