Ərdoğan Türkmənistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 26 noyabr 2021 23:26 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək, həmçinin, noyabrın 27-28-də Aşqabadda baş tutacaq Türkiyə-Türkmənistan əlaqələrinin müzakirəsinə dair toplantıya qatılacaq.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Türkmənistan əlaqələrinin bütün aspektləri və əlaqələrin müxtəlif sahələrdə daha inkişaf etdirilməsi müzakirə ediləcək, regional məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, R.T.Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə İƏT-in “Birlikdə gələcəyə” mövzusunda 15-ci Liderlər Zirvə toplantısına qatılacaq.

Toplantı çərçivəsində Türkiyənin təsisçi üzvü olduğu İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, itkilərlə mübarizə kontekstində təşkilat çərçivəsində koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. COVİD-19 pandemiyası və pandemiyadan sonrakı dövrə hazırlıq, eləcə də gələcək iqtisadi əməkdaşlığın gücləndirilməsi haqqında müzakirə aparılacaq.

Türkiyə Prezidenti İƏT-ə sədrliyi Türkmənistan Prezidentinə təhvil verəcək.
R.T.Ərdoğanın səfəri çərçivəsində İƏT-də iştirak edəcək dövlət başçıları ilə ikitərəli görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılıb. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olub. Üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR