İran Milli Neft Şirkəti: Yaxın aylarda gündəlik neft istehsalı sanksiyalardan əvvəlki səviyyəyə çatacaq

Möhsin Xocəstə

© APA | Möhsin Xocəstə

# 27 noyabr 2021 18:55 (UTC +04:00)

“İranda növbəti 4 ay ərzində neft istehsalı sutkada 4 milyon barelə çatacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yaxın 4 ay ərzində İranda gündəlik neft hasilatı sanksiyalardan öncə olduğu kimi, sutkada 4 milyon barelə çatacaq.

O, həmçinin ölkənin hazırda qaz istehsalı potensialının gündəlik 1 milyard kub metr olduğunu bildirib: "Ölkənin qaz istehsalı gücü gələn 10 il ərzində gündəlik 1 milyard yarım kub metrə çatmasına dair proqram hazırlanıb. Bunun baş tutması üçün 70 milyard dollar sərmayə yatırılmalıdır".

M.Xocəstə qeyd edib ki, ötən bir neçə ay ərzində xarici şirkətlərlə bu sahədə danışıqlar aparılıb: “Hazırda danışıqlarımız davam etdirilir. Biz xarici investisiyanın cəlb edilməsi üçün İslam Respublikasının qanunları çərçivəsində müxtəlif qaydalara uyğun müqavilələr imzalamağa hazırıq”.

Xəzər dənizində “Çalus” yatağının istismar edilməsi üçün xarici ölkələr və şirkətlərlə rəsmi müzakirələrin aparılmadığını deyən M.Xocəstə bildirib ki, bu struktur hələ rəsmi şəkildə İran Milli Neft Şirkətinin balansına verilməyib: “Hələlik orada tədqiqat və kəşfiyyat aparılır. Eləcə də bu yataqla bağlı xarici şirkət və ölkələrlə heç bir danışıqlar olmayıb. Xəzər dənizində bizim siyasətimiz Xəzəryanı qonşu ölkələrlə çox səmimi dostluq münasibətləri əsasında iş görməkdir. Bizim şüarımız konstruktiv əməkdaşlıqdır, rəqabət deyil və bu prinsiplə fəaliyyətimizi davam etdiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR