Netanyahu: "İsrail HƏMAS-a güclü zərbələr endirdi"

İsrail Baş Naziri Benyamin Netanyahu

© APA | İsrail Baş Naziri Benyamin Netanyahu

# 21 may 2021 15:36 (UTC +04:00)

"Qəzzadakı əməliyyat oyunun qaydalarını dəyişib".

APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə yerləşən Kirya hərbi qərargahında çıxışında deyib.

O bildirib ki, Qəzza əməliyyatının hədəflərinə yüksək səviyyədə nail olunub.

Baş nazir bildirib ki, bu əməliyyatda onun əsas məqsədi İsrailin təhlükəsizliyini qorumaq idi. "İsrail zərbələrinin nəticəsi və təsiri ilə bağlı hər şey hələ ictimaiyyətə, hətta HƏMAS-a da məlum deyil", - deyə B. Netanyahu bildirib.

İsrailin baş naziri deyib ki, vacib olmadığına inandığı üçün o, Qəzzada quru əməliyyatları ilə bağlı göstəriş verməyib: "İnansaydım ki, bu, vacibdir, bununla bağlı göstəriş verərdim. İsrailin itkilərini minimuma endirərkən biz HƏMAS-a maksimum itki verdirdik".

B. Netahyahu HƏMAS-ın Qəzzada qurduğu terror tunel şəbəkəsinin HƏMAS-ın özü üçün “ölüm tələsi"nə çevrildiyini və bu şəbəkəni məhv etməklə onlara təsəvvür olunmayacaq bir zərbə vurulduğunu vurğulayıb.

O qeyd edib ki, İsrailin bu zərbələri nəticəsində 25 yüksək vəzifəli şəxs daxil olmaqla 200-dən çox HƏMAS üzvü öldürülüb.

Netanyahu bildirib ki, bu əməliyyat "tənliyi dəyişdirib" və HƏMAS-ın gələcəkdə İsrailə hücum mövzusunda daha diqqətli olacaq.

İsrail baş naziri dəstək üçün ABŞ prezidentinə təşəkkür edib və bildirib ki, bu müddət ərzində o, Baydenlə 6 dəfə telefon əlaqəsi saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR