Rusiyadakı əfqan diasporunun lideri: “Əminik ki, taliblər dəyişib”

Məhəmməd Cəlal Qulam

© APA | Məhəmməd Cəlal Qulam

# 21 avqust 2021 15:34 (UTC +04:00)

“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsindən sonra əfqanların Rusiyaya axınının artması gözlənilir. Rusiyada terrorçu təşkilat kimi tanınan “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi bu ölkədəki əfqan diasporunun fəaliyyətinə necə təsir göstərəcək? APA-nın Moskva müxbiri “Taliban”ın qorxusundan 30 ildən çoxdur vətənlərindən didərgin düşən əfqanların ölkələrində baş verənlərə münasibətini, onların vətənlərinə dönmək arzularını öyrənib.

Moskva əfqanlarının ünvanı: “Sevastopol” Ticarət Mərkəzi

Əfqanıstanın Moskva diasporu üçün əsas cazibə mərkəzi, “Sevastopolskaya” metro stansiyasının yaxınlığındakı eyni adlı otel kompleksinin yarısını tutan “Sevastopol” Ticarət Mərkəzidir. 1990-cı illərin əvvəllərindən etibarən hər gün bura şəhərin hər yerindən çay, ədviyyat, ucuz qiymətli daşlar və kosmetika məhsullarının topdan alıcıları gəlir. Rusiya əfqan diasporları Mərkəzinin prezidenti Məhəmməd Cəlal Qulam bildirir ki, 1992-ci ilin yazında Nəcibulla hakimiyyətinin devrilməsindən sonra demək olar ki, Əfqanıstanın bütün yüksək çinli məmurları Moskvaya qaçıb. Rusiyada hazırda 100 minə yaxın əfqan yaşayır. Onların 40 minə yaxını isə elə paytaxt Moskvada cəmləşib.

Hazırda Əfqanıstanda vəziyyətin mürəkkəb olduğunu vurğulayan Məhəmməd Qulam Rusiyaya gəlmək istəyənlərin sayının olduqca çox olduğunu qeyd etdi: “Lakin texniki cəhətdən bu mümkün deyil. Çünki quru sərhədləri bağlıdır. Kabildə aeroport da işləmir. Əfqanıstanda son 20 il ərzində yeni gənclik yetişib. Baxmayaraq ki, “Taliban” hərəkatı amnistiya elan edib, qadınların işləməsinə icazə verib, bununla belə müəyyən sərt qanunlar var. Ona görə də, düşünürəm ki, ölkədən müxtəlif istiqamətlərə, o cümlədən Rusiyaya miqrant axını olacaq... Bunun şahidi olacağıq”.

“Taliblərin hakimiyyətə gələcəyini əvvəlcədən bilirdik”

Diaspor lideri Əfqanıstanda taliblərin hakimiyyəti ələ keçirəcəyini əvvəlcədən bildiklərini, gördüklərini söyləyir: “Amerikalılar Əfqanıstandan çıxacaqlarını açıqladılar. Ona görə də əmin idik ki, onlar çıxan kimi taliblər hakimiyyəti ələ keçirəcək. Çünki əsgərlərimizdə taliblərlə döyüşəcək ruh yox idi. Əsgərlərimizin hər cür texnikası vardı. Amma təəssüflər olsun ki, onların həmin texnikalarla işləmək təcrübəsi yox idi. Ona görə də “Taliban”a döyüşsüz təslim oldular”.

“Ya taliblər milli hökumət yaradıb sülhə nail olacaqlar, ya da...”

Məhəmməd Qulamın fikrincə, hazırda Əfqanıstanda hadisələrin inkişafının iki ssenarisi mövcuddur: “Birinci ssenari optimistdir: Taliblər bütün etnik qrupların təmsil olunacağı milli hökumət yaradırlar. Əfqanıstan çox millətli ölkədir. Belə olan halda dünya ictimaiyyəti Əfqanıstan hakimiyyətini tanıyar və yardım edər.

İkinci ssenari isə Əfqanıstanda hər zaman müharibənin olmasıdır ki, bu bəzi ölkələrə sərf edir. Müharibə onlar üçün biznesdir, silah alveridir, puldur. Həmin qüvvələr Əfqanıstanın bir sıra bölgələrində müqavimət hərəkatının olmasında, hərbi əməliyyatların davam etməsində maraqlıdırlar ki, taliblər milli hökumət yarada bilməsinlər və “Taliban” hərəkatının əsasında vahid hökumət qursunlar. Onda düşünürəm ki, xalq buna dözməyəcək və cəmiyyətdə böyük partlayış olacaq. Beləliklə, vətəndaş müharibəsi olacaq və Əfqanıstandan miqrant axını müxtəlif istiqamətlərə, o cümlədən Rusiyaya sürətlənəcək”.

Rusiyadakı əfqan diasporunun lideri vətənində hakimiyyəti ələ keçirən taliblər haqqında nikbin düşünür. O, əfqan xalqının müharibədən bezdiyini, sülh istədiyini, sülhün taliblərin simasında olacaqsa belə, xalqın bunu ancaq alqışlayacağını bildirir: “Bilirsiniz, Əfqanıstan xalqı artıq müharibədən bezib. 42 ildir ki, ölkədə müharibə gedir. Dünyada bütün müasir silahları Əfqanıstanda tətbiq ediblər. Tək gənclər, uşaqlar, qadınlar, qocalar deyil, bütün ölkə, hətta daşlar da müharibədən bezib, yorulub. Ölkəmizdə partlayışlar, terror aktları gündəlik rutinə çevrilib. Xalq sülh istəyir. Bu sülh taliblərin simasında olacaqsa belə, xalq bunu ancaq alqışlayacaq. Məncə, artıq alqışlayıb. Döyüşsüz təslim olublarsa, demək razıdırlar. Əgər razı olmasaydılar, hər yerdə taliblərə müqavimət göstərərdilər. Çünki xalq müharibədən, korrupsiyadan, kasıblıqdan və xarabalıqdan bezib. Hər gün partlayış, hər gün terror aktı xalqın səbrini daşırıb. Əfqanıstanda son 40 ildə yeganə ritual dəfn mərasimidir. Bu cür şərait heç bir insan üçün məqbul sayıla bilməz. Ona görə də xalq hansısa komfort həyatın olmayacağına razılaşaraq “Taliban”ın hakimiyyətini qəbul edib. Allah eləsin, taliblər verdikləri sözlərə əməl eləsinlər. Xalq yenə məyus olmasın, yenə müqavimət hərəkatı yaranmasın”.

““Taliban”dan qaçanlar koalisiya qüvvələri ilə əməkdaşlıq edən yerli sakinlərdir”

Məhəmməd Qulam hazırda Əfqanıstanda qorxu hissinin müəyyən kateqoriya insanlarda olduğunu söyləyir: “Baxmayaraq ki, onlar üçün də amnistiya elan olunub. Kimdir bu insanlar? Onlar koalisiya qüvvələri ilə əməkdaşlıq edən yerli sakinlərdir. Koalisiya qüvvələrinin qoşunları, yəni, ABŞ və müttəfiqlərinin əsgərləri ilə əməkdaşlıq edən texniki heyət, tərcüməçilər hazırda qorxu içindədirlər. Təbii ki, onlar həyəcan keçirirlər, qorxurlar. Kadrlarda gördüyünüz aeroportda təyyarələrə minməyə çalışanlar həmin insanlardır. ABŞ onlara Əfqanıstandan çıxarılacaqlarını vəd edib. Lakin hadisələr elə sürətlə baş verdi ki, onları ölkədən çıxarmaq mümkün olmadı. Mən başqa şeyə təəccüblənirəm. Bu illər ərzində Əfqanıstanda yüz milyardlarla dollar vəsait xərclənib. Bəs, xüsusi xidmət orqanları hara baxırdı?! Biz, adi camaat belə bunu əvvəlcədən bilirdik, görürdük, xüsusi xidmət orqanları bilmirdi? Onlar Əfqanıstan hökumət qüvvələrinin “Taliban”a müqavimət göstərə biləcək ruhda olmadığını bilmirdi? Məncə, hər şey əvvəlcədən bilinirdi”.

“Əminəm ki, “Taliban” hərəkatı dəyişib”

“Taliban”ın qorxusundan, ölkənin şəriət qanunları ilə idarə olunmasından bezib 30 ilə yaxındır Rusiyada məskunlaşan əfqanlar taliblərin dəyişdiyinə ümid edirlər.

“25 ildə çox şey dəyişib. İnsanlar dəyişir. Məncə “Taliban” da dəyişib. Əgər taliblər gələndən sonra ikinci, üçüncü gün qadınlar efirə çıxdılarsa, bunun özü elə dəyişiklikdir. Qız uşaqları dərsə gedirsə, bu, artıq dəyişiklikdir. Əgər hamıya amnistiya tətbiq olunursa, göstəriş verilirsə ki, heç kəs öldürülməsin, güllələnməsin, partlayışlar yoxdursa, bu, artıq dəyişiklikdir. Ona görə də düşünürəm ki, “Taliban” hərəkatı dəyişib. Ümid edirəm ki, “Taliban” tarixdən dərs çıxarıb. Onlar 1996-2001-ci illərdə hakimiyyətdə olub. Həmin dövrdə “Taliban” hökuməti bütün dünya ictimaiyyətindən təcrid olunmuşdu, heç nə edə bilmirdilər. Bundan başqa, onlara terrorçular əl uzatmışdılar. Əgər yenə Əfqanıstan dünyadan təcrid olunsa, yenə terrorçular ora ayaq açacaq. Düşünürəm ki, “Taliban” bu səhvi bir daha təkrarlamayacaq. Əminəm ki, onlar dəyişiblər və dəyişirlər”, - deyə Məhəmməd Qulam vurğulayır.

“Əhməd Şah Məsudun oğlunun Əfqanıstanda müharibənin davam etməsində maraqlı olduğuna əmin deyiləm”

O, Pəncşirdə Əhməd şah Məsudun oğlunun taliblərə müqavimət göstərməsi ilə bağlı da danışıb: “Mənim bu məsələ ilə bağlı mövqeyim ikimənalıdır. Əhməd Şah Məsudun oğlu və birinci vitse-prezdent Əmrullah Saleh hər ikisi Pəncşirdəndirlər. Onlar müqavimət göstərəcəklərini bəyan ediblər. Olduqca layiqli və ağıllı insanlardırlar. Əmin deyiləm ki, onlar Əfqanıstanda müharibənin davam etməsində maraqlı olsunlar. Lakin burada bir “amma” var. Əgər milli hökumətin yaradılması təklif olunsa və onlar da burada iştirak etsələr, düşünürəm ki, müqavimət olmayacaq. Lakin burada daha bir “amma” da var. Bir sıra xarici dövlətlər, xarici şirkətlər var ki, 40 il ərzində Əfqanıstanda silah biznesi ilə məşğuldurlar. Onlar müharibənin davam etməsində maraqlıdırlar. Fərqi yoxdur, bu müqavimət hansı formada olsun, vacib deyil, kim qələbə qazanacaq, kim məğlub olacaq, kim öləcək, məqsəd bizneslərini davam etdirməkdir. Hazırda bu rolda Fransa iştirak edir. Onlar birinci olaraq Əhməd Şah Məsudun oğluna müqavimət göstərmək üçün kömək təklif ediblər. Lakin bir daha qeyd edirəm ki, Əhməd Şah Məsudun oğlu və Əmrulla Saleh ağıllı, müdrik insanlardırlar. Düşünmürəm ki, onlar müharibənin davam etməsində maraqlı olsunlar”.

“Hər gün Əfqanıstandakı qohumlarımla, tanışlarıma danışıram, ölkədə “Taliban”dan sistemli narazılıq yoxdur”

Məhəmməd Qulam gün ərzində azı 10 dəfə Əfqanıstandakı tanışları, qohumları ilə əlaqə yaratdığını, onların hazırda təhlükəsiz şəraitdə yaşadığını söyləyir: “Onlar bildirirlər ki, hər şey yaxşıdır, münasibət normaldır. Heç kəsə toxunulmur. Ancaq cinayətkarlara qarşı çox sərt davranırlar. Bəli, taliblərin cinayətkarlığa qarşı münasibəti çox ciddi və sərtdir. Onlar məhkəməsiz filan çox sərt şəkildə cəzalar tətbiq edirlər. Bu səbəbdən də cinayətlərin sayı çox aşağı düşüb. Lakin keçmiş hərbçilərə, adi insanlara münasibət normaldır. Heç kəsə dəyib, toxunulmur. Düzdür, 40 ildən çoxdur müharibənin getdiyi ölkədə nələrsə baş verir. Bu təbiidir. Lakin ümumilikdə ölkədə “Taliban”dan sistemli narazılıq yoxdur”

“Sadə əfqan xalqı elə hər zaman şəriət qanunları ilə yaşayıb, indi də yaşayır”

Əfqan diasporunun prezidenti xalqının şəriət qanunları ilə yaşamağa hazır olub-olmaması ilə bağlı suala da aydınlıq gətirib: “Bəli, etiraf etmək lazımdır ki, burada müəyyən məhdudlaşdmalar var. Sadə xalq elə hər zaman şəriət qanunları ilə yaşayıb, elə indi də yaşayır. Şəriət qanunları xalq üçün mülkiyyətin, şərəf və ləyaqətin qoruyucusu olub. Lakin şəhərlərdə yaşayan insanlar, xüsusən də yeni nəsil gənclər üçün Qərb mədəniyyəti daha çox üstünlük təşkil edir. Həmin insanlar üçün şəriət qanunları məhdudiyyətlərdir. Əminəm ki, bu məhdudiyyətlər ölümlər, partlayışlar, terror aktlarından, gün ərzində yüzlərlə insanın ölməsindən daha yaxşıdır”.

“Hamı kömək etməlidir ki, taliblər dəyişsin. Bunun üçün onlarla vuruşmaq mütləq deyil”

M. Qulam Rusiyada sayı 100 minə yaxın olan əfqanların taliblərə münasibətinin fərqli olduğunu deyir: “Burada da müəyyən insanlar var ki, onlar narazıdırlar. Hər bir cəmiyyətdə müəyyən kateqoriya insanlar var ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onlar hər zaman narazıdır. Elə insanlar da var ki, nisbi düşünürlər. Onların fikrincə, hazırda sülh müharibədən daha yaxşıdır. Əgər sülh müharibədən yaxşıdırsa, onda biz hamımız vəziyyəti dəyişməyə kömək etməliyik. Kömək etməliyik ki, taliblər də dəyişsin, mövcud məhdudiyyətləri sıfıra endirsinlər. Onlarla vuruşmaq mütləq deyil. Bunu sülh yolu ilə, təkamüllə, islahatlarla etmək olar. Niyə axı biz hər zaman hər şeyi inqilab, müharibə yolu ilə etməyə çalışırıq?!”

“Əfqanıstan qarabağlıları çox gözəl və mehriban insanlardır”

Qulam Əfqanıstanda yaşayan həmyerlilərimizdən, paytaxt Kabildə yerləşən Qarabağ rayonundan da danışıb. O, Nadir şahın dövründə Qarabağdan Əfqanıstana köç etmiş azərbaycanlıların çox qonaqpərvər, gözəl insanlar olduğunu vurğulayıb: “Qarabağ rayonu Kabil şəhərinə daxildir, şəhər ətrafı ərazidir. Çox gözəl təbiəti var. Dağlıq və çox gözəl ərazidir. Mən özüm də Kabildə, elə Qarabağa qonşu rayonda doğulmuşam. Əfqanıstanda ən dadlı meyvələr məhz Qarabağda yetişir. Etiraf edim ki, son zamanlara qədər mən Əfqanıstanın Qarabağının Azərbaycanın Qarabağı ilə əlaqəli olduğunu bilmirdim. Demə, bizim Qarabağdakılar elə Azərbaycandan köç edənlər imiş. Əfqanıstan qarabağlıları çox gözəl və mehriban insanlardır”.

P.S. Bir sözlə, vaxtı ilə “Taliban”ın qorxusundan qaçaraq Rusiyaya sığınan əfqanlar indi taliblərin ölkəni vahid güc altında birləşdirəcəyinə ümid edirlər. 40 il davam edən müharibənin əfqan xalqını “Taliban”ın simasında şəriət qanunları ilə yaşamağa belə razı saldığı görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR