"Taliban" Türkiyəni Əfqanıstanın yenidən qurulmasında iştirak etməyə çağırıb

Molla Əbdül Qani Baradarın Türkiyə səfiri Cihad Erginayla görüş

© APA | Molla Əbdül Qani Baradarın Türkiyə səfiri Cihad Erginayla görüş

# 30 sentyabr 2021 18:08 (UTC +04:00)

“Taliban” tərəfindən yaradılan müvəqqəti hökumətin sədr müavini Molla Əbdül Qani Baradar Türkiyəni Əfqanıstanda yenidənqurma və inkişafla bağlı layihələrin həyata keçirilməsində iştirak etməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə "Əfqanıstan İslam Əmirliyi"nin (“Taliban”ın istifadə etdiyi dövlətin adı) "Twitter" hesabında məlumat verilib.

Paytaxt Kabildə Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginayla görüşən Baradar iki ölkə arasında müsbət əlaqələrin qaldığını vurğulayıb və Türkiyəni Əfqanıstanın bütün ölkədə yenidənqurma və inkişaf layihələrinin həyata keçirilməsində iştirak etməyə çağırıb.

Öz növbəsində, Türkiyə diplomatik nümayəndəliyinin rəhbəri ölkəsinin Əfqanıstanda sabitlik yaranacağına ümid etdiyini və müxtəlif sahələrdə, o cümlədən Kabil hava limanının yenidən qurulması və təhlükəsizliyi mövzusunda əməkdaşlığa açıq olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR