Yaponiyanın yeni Baş naziri ilə ABŞ Prezidenti arasında ilk telefon danışığı olub

Yaponiyanın yeni Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Co Bayden

© APA | Yaponiyanın yeni Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Co Bayden

# 05 oktyabr 2021 04:00 (UTC +04:00)

Yaponiyanın yeni Baş naziri Fumio Kişida ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, Kişidanın hökumət rəhbəri seçilməsindən sonra xarici dövlət lideri ilə ilk telefon söhbətidir.

Bundan bir qədər əvvəl isə Ağ Evin rəhbəri F.Kişidanı Yaponiyanın Baş naziri seçilməsi münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın möhkəmləndiriləcəyinə ümid etdiyini bildirib.

Kişidanın sözlərinə görə, söhbət təxminən 20 dəqiqə davam edib.

“Biz Yaponiya-ABŞ alyansını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik”, - Kişida belə deyib.

Yeni hökumət başçısı qeyd edib ki, söhbət zamanı C.Bayden təhlükəsizlik müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq Yaponiyanı müdafiə etmək öhdəliklərini bir daha təsdiq edib və bu öhdəliklər Senkaku adalarına qədər uzanır.

Kişidanın sözlərinə görə, tərəflər Çin, KXDR, koronavirusla mübarizə məsələlərində əməkdaşlığı davam etdirmək barədə də razılığa gəliblər.

“Biz, həmçinin ünsiyyət zamanı bir-birimizi Co və Fumio deyə çağıracağımızla və ən qısa zamanda şəxsi görüş keçirəcəyimizlə bağlı razılığa gəldik”, - deyə Kişida gülümsəyərək əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR