Ayan Nəcəf-Ağayeva: “Pərdə arxasında baş verənlər azarkeşlərə çatdırılacaq”

Ayan Nəcəf-Ağayeva

© APA | Ayan Nəcəf-Ağayeva

# 21 may 2021 10:39 (UTC +04:00)

“Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da, pandemiya dönəmində öncədən proqnoz vermək mümkün deyil”.

Apasport.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva “Formula-1” üzrə Azərbaycan Qran-prisinə həsr olunan seminarda deyib.

O bildirib ki, əvvəlki yarışla müqayisədə budəfəki Qran-pridə eyni atmosferin yaranacağına əmin deyil: “Buna baxmayaraq, ən yaxşı yarışı təşkil etməyə iddialıyıq. Bütün zəruri tədbirlər görülür. Pərdə arxasında baş verənlər maksimum dərəcədə azarkeşlərə çatdırılacaq. Azarkeşlərlə canlı təmas minimuma endirilsə də, digər resurslar olduğu kimi qalır”.

Reqlamentdə edilən dəyişikliklərdən bəhs edən Nəcəf-Ağayeva müəyyən yubanma, dayanma olduğu zaman yarışın 3 saat ərzində bitməli olduğunu sözlərinə əlavə edib: “Mövsüm ərzində Qran-prilərin təqviminin dəyişməsi davam edir. Sevindirici haldır ki, Azərbaycan Qran-prisi dəyişməz olaraq qalır. 10 komandanın 20 pilotluq heyəti də bəllidir. 3 debütant var”.

O, Azərbaycan Qran-prisinin müqaviləsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Şöbə müdiri sözləşmənin 2024-cü ilə qədər uzadıldığını xatırladıb.

Ayan Nəcəf-Ağayeva 1300-ə yaxın marşalın iştirakının nəzərdə tutulduğunu bildirib: “Marşallarımız təkcə əyləncə və yarış üçün yox, bu işi çox sevirlər. 150-yə yaxın xarici marşallardan müraciət almışdıq. Ancaq pandemiya ilə bağlı 50-yə yaxını cəlb olunacaq. Marşallar Atletlər Kəndində yerləşdiriləcək. Pandemiya dönəmində təcrid olunmaq üçün bu addıma əl atılacaq. O ki qaldı könüllülərə, yarış azarkeşsiz keçirildiyi üçün onlar digər funksiyalara cəlb olunub”.

O, Qran-prinin keçirilməməsi təhlükəsinə də toxunub: “Mənə elə gəlir ki, artıq finiş xəttindəyik. Düzdür, son olaraq Türkiyə Qran-prisi ləğv olundu. Hansısa proqnoz vermək çətindir. Amma düşünürəm ki, Bakı Qran-prisinin baş tutmasında hər hansı problem olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR