Valeri Belenki: Azərbaycanı Almaniyaya dəyişdiyimə görə peşman deyiləm

Valeri Belenki: Azərbaycanı Almaniyaya dəyişdiyimə görə peşman deyiləm
# 21 noyabr 2008 10:39 (UTC +04:00)
Azərbaycanın ən tanınmış idman gimnastı, Almaniyada yaşayan Valeri Belenki bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə Bakıya gələn olimpiya, Avropa və dünya çempionu əvvəlcə ilk təəssüratları ilə bölüşüb.

“İdmanda ilk addımlarımı atdığım zala baş çəkdim. 16 il əvvəllə müqayisədə çox dəyişiklik gördüm. Məşq edən uşaqların sayı da çoxalıb. Amma bununla kifayətlənmək olmaz. Ciddi uğurlar qazanmaq üçün daha böyük, müasir standartlara cavab verən zala ehtiyac var” - deyə Belenki bildirib.

Ştutqart şəhərində məşqçilik edən həmvətənimiz Azərbaycana dönməyə hazır olduğunu vurğulayıb: “Mən bunu istisna etmirəm. Lazımi şərait, yüksək standartlara cavab verən baza yaradılan kimi qayıdacağam. Federasiya rəhbərliyi hazırda bu işlə məşğuldur. Mən Almaniyada müqavilə əsasında çalışıram. İdman gimnastlarının 2012-ci ildə Londonda keçiriləcək olimpiadaya hazırlığına cavabdehəm”.

Bununla belə, Belenki federasiya ilə əməkdaşlıq edəcəklərini bildirib: “Güclü idmançı hazırlamaq üçün 12 il vaxt lazımdır. Danışıqlarımız zamanı belə razılığa gəldik ki, Azərbaycan yığmasının üzvü Şakir Şıxəliyev Almaniyada rəhbərliyim altında hazırlıq keçsin. Onun cəmi 18 yaşı var və çox perspektivli idmançıdır. İnşallah, dekabrdan bu işə başlayacağıq. Bura həyat yoldaşımla gəlmişik. O, idman gimnastikası üçün inventar istehsal edən firmada işləyir. Çox güman Azərbaycan idmançılarını lazımi qurğularla təmin edəcəyik”.

2001-ci ildə idmançı karyerasını bitirdiyini deyən Belenki bu addımı çətinliklə atdığını deyib: “Mən hələ Bakıda Bədən Tərbiyəsi və İdman İnstitutuna qəbul olunarkən bu haqda düşünürdüm. Amma bunu etmədiyimə görə sevinirəm. 2001-ci ilədək idmançı kimi fəaliyyət göstərdim. Qolumdan ağır zədələndikdən sonra isə dayanmaq məcburiyyətində qaldım. Cərrahiyyə əməliyyatım 20 min avroya başa gəldi”.

Məşqçilik karyerasında da uğurlar qazanan olimpiya çempionu vaxtilə təkliflər sarıdan korluq çəkmədiyini vurğulayıb. O, 16 il əvvəl Azərbaycandan ayrılmasına da aydınlıq gətirib: “Mən vətənimdə qalmağı çox istərdim. Amma təəssüf ki, bir idmançı kimi inkişafım üçün lazımi şərait yox idi. Həmin dövrdə federasiyanın ciddi maliyyə problemi vardı. Mən yalnız Almaniyadan yox, ABŞ və Yaponiyadan da təklif almışdım. Etdiyim seçimə görə peşman deyiləm. Çünki hazırda rəhbərlik etdiyim komanda Almaniyada ən güclüdür. Sonuncu Avropa çempionatında bürünc medal qazandıq. Pekin Olimpiadasında isə 4-cü yeri tutduq”.

16 illik fasilədən sonra Bakıya gəldiyini deyən Belenki Almaniyada da azərbaycanlılarla əlaqə saxladığını bildirib: “Bəzi güləşçilərimizin Ştutqartda klublara keçməsinə kömək etmişəm. Digər tanıdığım həmvətənlərimizlə də əlaqə saxlayıram. Harada olsam da, Azərbaycan mənim vətənim olaraq qalacaq. Federasiya rəhbərliyinə bu dəvətə görə təşəkkür edirəm. Yenidən Bakıda olmaq çox xoşdur. Şəhər həqiqətən çox dəyişib”.

Bu gün Almaniyaya dönəcəyini deyən Belenki “Bakıda hansı yeməklərdən daddınız” sualını isə gülərək cavablandırıb: “Əlbəttə, kabab. Fikrimcə, kabab ən dadlı yeməkdir. Ürəyim çox istəyirdi, doyunca yedim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR