Azad Rəhimov: “Milli komandanın baş məşqçisinin bəzi məqamlarda təcrübəsi çatmır”

Azad Rəhimov: “Milli komandanın baş məşqçisinin bəzi məqamlarda təcrübəsi çatmır”
# 30 yanvar 2009 14:57 (UTC +04:00)
Bakı – APA. “Hesab edirik ki, ağırlıqqaldırma yığmamızın baş məşqçisi Vahid Nəzərovun bəzi məqamlarda təcrübəsi çatmır. Bu fikirlə Nəzərov özü də müəyyən mənada razıdır. O, bir sıra məsələlərdə güclü, qalanlarında isə zəifdir”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Ağırlıqqaldırmanı ölkəmiz üçün ənənəvi idman növü sayan nazir bildirib ki, bu sahənin inkişafı məqsədilə tədbirlər həyata keçiriləcək: “Dünya və Avropa çempionatlarında medallar qazanmışıq. Yay olimpiya oyunlarında isə atletlərimiz ilk “beşliy”ə düşüblər. Məncə, bu aşağı yox, yuxarı göstəricidir. Pekin Olimpiadasından sonra Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla görüşdüm. Əsgərov və onun komandasında ağırlıqqaldırmanı inkişafı üçün böyük həvəs yaranıb. O, ağırlıqqaldırmanın səviyyəsini rayonlarda yüksəltmək istəyir ki, bu da çətin deyil”.

Rəhimov yığmada yeni məşqçiyə ehtiyac duyulduğunu vurğulayıb: “Bizə yaxşı məşqçilər lazımdır ki, atletləri öyrətsin. Məşqçilər korpusunda yeni nəfəsə, yeni qana ehtiyac var. Bu, mənim şəxsi fikrimdir. Bunu Vahid Nəzərova görə demirəm. Axır vaxtlar Ağır Atletika Federasiyasında qalmaqallar oldu. Milli komandanın aparıcı üzvləri Nizami Paşayev, Turan Mirzəyev yığmadan ayrıldılar, sonra geri qayıtdılar, hərəsi bir tərəfdə məşq etdilər. Görünür, baş məşqçi ilə atletlərin münasibətləri alınmır. Biz yenə səbirli olub, gözləyə bilərik. Əfsət Əfsətovun ardınca, Vahid Nəzərov baş məşqçi postuna gəldi. Görək, indi milli komandaya kim kömək edəcək. Demirəm ki, yığmaya mütləq baş məşqçi gətirilməlidir. Ən azı komandada məsləhətçiyə ehtiyac var. Axtarışları biz yox, federasiya aparmalıdır. Nazirlik hər federasiyasının arxasınca qaçmamalıdır. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan mənim dostumdur. Budapeştdə onun evində qonaq olmuşam. İstənilən vaxt yığmamıza kömək etməsi üçün ona müraciət edə bilərəm”.

Nazir onu da əlavə edib ki, yaxınlarda Almaniyadan 70 min manatlıq ağır atletika avadanlıqları alınacaq. Yeni inventarlar Olimpiya Komplekslərinə paylanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR