Nizami Paşayevin səhhətində yenə problem yaranıb

Nizami Paşayevin səhhətində yenə problem yaranıb
# 05 mart 2009 11:36 (UTC +04:00)
Bakı – APA. Avropa çempionatı öncəsi Azərbaycanın ən güclü ağırlıqqaldıranları Nizami Paşayev və Turan Mirzəyevin səhhətində problem yaranıb. Bu haqda apasport.az saytına yığmanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, ikiqat dünya çempionu Nizami Paşayevin çiyinlərində ağrılar var.

“Hər iki atlet köhnə zədələrdən əziyyət çəkir. Nizami çiyin, Turan isə diz nahiyəsindən müalicə olunur. Onların Avropa çempionatına aparılıb-aparılmayacağı bilinmir” - deyə Nəzərov vurğulayıb.

Qitə birinciliyinə Lənkəranda hazırlaşan yığmamızla bağlı daha bir xəbər var. Belə ki, Pekin Olimpiadasında 62 kq-da çıxış etmiş Sərdar Həsənov çəkisini dəyişib. Vahid Nəzərov bunun səbəbini belə izah edib: “Sərdar Pekində çəkisini saldığı üçün sudurğa tutdu və potensialını göstərə bilmədi. Buna görə də Məşqçilər Şurası onun 69 kq-da mübarizə aparması haqda qərar çıxarıb. Bu, Həsənovun boyuna da uyğun gəlir”.

Beləliklə, 69 kq-da Avropa çempionatına yollanmağa 3 atlet - Sərdar Həsənov, Turan Mirzəyev və Əfqan Bayramov namizəddir. Qitə birinciliyinə yollanacaq heyət martın ortalarında bilinəcək. Yarış isə gələn ay Rumıniyada keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR