Ramil Quliyev: "Olimpiya qızılını almamış karyeramı bitirməyəcəyəm"

Ramil Quliyev: "Olimpiya qızılını almamış karyeramı bitirməyəcəyəm"
# 10 aprel 2020 22:51 (UTC +04:00)

"Olimpiadanın təxirə salınması qərarı doğru idi. Çünki ortada insan həyatı var".

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu koronavirus pandemiyasının qardaş ölkədə yaratdığı problemə münasibət bildirib. Quliyev insanları evdə oturmağa səsləyib: "Hazırda Türkiyədə vəziyyət o qədər də pis deyil. Hamımız sağlamlığımızı qorumağa çalışırıq. Dünyanı evdə oturaraq qurtarma zamanıdır. Hamımız birlikdə hərəkət etməli, məsuliyyəti dərk etməliyik ki, durumdan uğurla çıxaq. Bəzi insanlar evdən çıxmağa məcburdurlar, onları başa düşməliyik".

30 yaşlı idmançı ev şəraitində məşqləri davam etdirdiklərini əlavə edib: "Avqustun 25-30-da Parisdəki Avropa çempionatı ləğv edilməyib, amma orada hər gün 5000 virusa yoluxma olur. Yay aylarında yoluxma sayının azalacağı deyilir. Biz də onu gözləyirik. Ancaq idmançı kimi həmişə hazır olmalıyıq. Bir ay məşq etməsək, vəziyyəti 3 aya ancaq düzəldə bilirik. Dostlarımla Belekdə ev kirayələmişik. Küçədə özümüz üçün yol müəyyənləşdirmişik. Həyətdə isə ağır məşqlər edirik. Asfaltda qaçmaq zərərlidir, bu səbəbdən asfalt olmayan yerlərdə qaçırıq".

Ramil Quliyev son hədəfinin Yay Olimpiya Oyunlarını qazanmaq olduğunu vurğulayıb: "İdmana başlayanda 3 hədəfim var idi: Avropa, dünya və Olimpiya çempionluğu. İlk ikisini reallaşdırmışam. Olimpiya qızılını almamış karyeramı bitirməyəcəyəm. Bunu özüm üçün borc kimi hiss edirəm. Bunu bacardıqdan sonra gələcək karyeram barədə düşünəcəyəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR