Ağır atletika üzrə Azərbaycan millisi dünya çempionatına Lahıcda hazırlaşır

Ağır atletika üzrə Azərbaycan millisi dünya çempionatına Lahıcda hazırlaşır
# 26 avqust 2019 11:27 (UTC +04:00)

Kişilərdən ibarət ağır atletika üzrə Azərbaycan yığması qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını İsmayıllı rayonunun Lahıc qəsəbəsində davam etdirir.

Azərbaycan Ağır Atletika Federasiyasından APA-ya verilən məlumata görə, avqustun 10-dan başlayan təlim-məşq toplanışı sentyabrın 1-nə qədər burada keçiriləcək.

Məşqçilər heyəti il ərzində hazırlıq məkanlarının dəyişdirilməsinin vacibliyi səbəbindən bu dəfə münasib ilqimi olan və yüksək dağlıq ərazi kimi Lahıcı seçib.

Toplanış barədə danışan yığma komandanın baş məşqçisi Asif Məmmədov bildirib ki, toplanış ilin ikinci yarısında bir neçə vacib beynəlxalq yarışa hesablanıb: “Sentyabrda böyüklər arasında dünya çempionatı, sonrakı aylarda isə gənclər və yeniyetmələr arasında Avropa birincilikləri keçiriləcək. Bu məkanın seçilməsində məqsəd onun coğrafiyasının üstünlüklərindən yararlanmaqdır. Bildiyiniz kimi, bura dəniz səviyyəsindən 1 500 metr yüksəklikdədir. Burada keçirilən məşqlər idmançılarımızın hazırlığını qısa müddətdə xeyli artırmaq imkanı verir. İki həftədir buradayıq, toplanışımız yaxşı gedir, nə məşq, nə qidalanma, nə istirahət, nə də bərpa ilə bağlı heç bir problemimiz yoxdur, bütün lazımi şəraitlə təmin olunmuşuq. Şükürlər olsun ki, komandada zədəlimiz də yoxdur və yarışlara tam heyətlə hazırlaşa bilirik. Qarşıdakı beynəlxalq yarışlarda qənaətbəxş nəticə əldə etməyi düşünürük. İnanırıq ki, bu hazırlığın bizə böyük köməyi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR