Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
# 20 oktyabr 2019 21:06 (UTC +04:00)

Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan ağırlıqqaldıranlar arasında keçirilən Avropa birinciliyində ilk medalını qazanıb.

APA-nın məlumatına görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Səbinə Əzimova mükafatçılar sırasında düşüb.

O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançı birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.

Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə bürünc medala sahib çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi olan S. Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletin ikinci medalı olub.

Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, oktyabrın 27-dək keçiriləcək yarışda Azərbaycan 9 idmançı ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR