Bakıda keçiriləcək Avropa çempionatına 25 ölkə qatılacaq

Bakıda keçiriləcək Avropa çempionatına 25 ölkə qatılacaq
# 29 mart 2018 12:31 (UTC +04:00)

Aprel 12-15-də Bakıda keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatına qatılacaq ölkələrin sayı açıqlanıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı gözlənilir.

Bu ölkələr 3 növ üzrə 400-dən çox idmançı ilə çempionata qatılacaqlar. Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək.

Aprelin 14-də isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Qeyd edək ki, Avropa çempionatında gənc gimnastlar 2018-ci ildə baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq Avropa Oyunlarına lisenziyanı məhz Bakıda qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR