Gimnastlarımız Avropa çempionatında 2 medala sahib olub

Gimnastlarımız Avropa çempionatında 2 medala sahib olub
# 04 iyun 2018 13:09 (UTC +04:00)

İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə 34-cü Avropa çempionatı keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 medal və Minsk-2019-a bir vəsiqə ilə başa vurub.

Belə ki, qitə birinciliyində fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə 4 alət üzrə finala vəsiqə qazanan Arzu Cəlilova topla çıxışını 3-cü yerdə bitirib. 17,100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan gimnastımız karyerasında ən uğurlu nailiyyətinə imza atıb.

Həm halqa, həm də gürzlərlə finalda xalçaya çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq, 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.

Fərdi yarışlarda böyüklər arasında isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil edib. Hər 4 alət üzrə ümumi nəticəyə əsasən Veronika 61,250 xalla 22-ci yerdə qərarlaşıb. 63,200 xal toplayaraq 18-ci olan Zöhrə isə 2019-cu ildə baş tutacaq Avropa Oyunlarına vəsiqəni təmin edib.

Komandamızın növbəti bürünc medalı isə 3 top-2 iplə mübarizə aparan yığmamızdan gəlib. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik 20,350 xalla fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR