Qəbələdə Fövqəladə Hallar Nazirliyinin respublika çempionatı keçirilib

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin respublika çempionatı keçirilib
# 07 iyul 2017 11:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub. APA-nın yerli bürosunun xəbərinə görə, FHN-nin İdman Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışa nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı qatılıb.

İdmançılar iyulun 4-dən 7-dək davam edən yarışların maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarığını nümayiş etdiriblər. Əvvəllər ölkəmizdə bu yarışlar iki mərhələ üzrə keçirilib. Lakin, bu il ilk dəfə olaraq FHN əməkdaşlarının ölkə çempionatının proqramına dağa dırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri əlavə edilib. Bu idman növləri idmançılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edib.

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Qəbələ rayon icra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.

FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını bir daha yoxlamaq məqsədilə dağlıq və meşəlik ərazidə, çətin şəraitdə keçirilən bu yarışda FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Teymur Şahlamazov qızıl, Aran Regional Mərkəzinin işçisi Zeynal Zeynalov gümüş, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Adəm Haqverdiyev bürünc medal qazanıb. Həmçinin, əldə etdiyi yaxşı nəticələrə görə Mülki Müdafiə Qoşunlarının komandası birinci, FHN-nin İdman Sağlamlıq Klubunun komandası ikinci, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası üçüncü yeri tutub. İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, FHN-nin İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il Qəbələdə FHN əməkdaşları arasında səmti müəyyən etmə idman növü üzrə çempionat keçirilir. FHN-nin qurumları arasında ilk dəfə keçirilən bu beşnövçülük çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini ənənəvi olaraq hər il keçirməyi qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR