Yığmamız Tokio Yay Olimpiya Oyunlarına buraxılmaya bilər

Yığmamız Tokio Yay Olimpiya Oyunlarına buraxılmaya bilər
# 29 iyun 2018 12:50 (UTC +04:00)

Ağır atletika üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənar qala bilər. Apasport.az-ın insidethegames.biz saytına istinadən məlumatına görə, idmançılarımızın üzləşdiyi növbəti dopinq qalmaqalı ölkəmizin yenidən yarışlardan uzaqlaşdırılmasına rəvac verir.

Belə ki, son günlərdə İsa Rüstəmovun (90 kq) dopinqdə “ilişərək” 4 illik cəzalanması və Hüseyn İsmayılovun (94 kq) istifadəsi qadağan olunan preparatlardan yararlanmaqda şübhəli bilinməsi Azərbaycan Ağır Atletika Federasiyasını təhlükə altında qoyub. Məsələ ondadı ki, son 8 ayda təmsilçilərimizin dopinqə düşmə sayı artıq 3-ə çatıb. İsmayılovla yanaşı, Anastasiya İbrahimli də təkrar analizin cavabını gözləyir.

Qaydalara görə 1 təqvim ilində 3 idmançının cəzalanması ölkənin beynəlxalq arenadan kənarlaşdırılması ilə nəticələnir. Belə halla indi üzləşmək isə faktiki Tokio-2020-də iştirak ehtimallarının üzərindən xətt çəkmiş olacaq.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2017-ci ilin 19 oktyabrda 1 illik cəzalandırdığı Azərbaycan Ağır Atletika Federasiyasını iyunun əvvəlində diskalifikasiyadan azad etmişdi. Buna səbəb federasiyalarının antidopinq fəaliyyəti ilə bağlı bir sıra şərtləri yerinə yetirməsi, o cümlədən bu istiqamətdə fəaliyyətin inkişafına 50 min dollar xərcləməsidi. Lakin bu dəfə cəzalar daha sərt ola bilər. Çünki yeni qaydalara əsasən növbəti dəfə diskvalifikasiyamız 2 ildən 4 ilə qədər müddəti əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR