Aİ Belarusun 31 yüksək səviyyəli rəsmisinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır

Aİ Belarusun 31 yüksək səviyyəli rəsmisinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır
# 07 sentyabr 2020 13:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) sentyabrın ortalarına qədər Daxili İşlər naziri də daxil olmaqla Belarusun 31 yüksək səviyyəli rəsmisinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" Aİ-nin adı açıqlanmayan 3 diplomatına istinadən yazıb.

“Biz əvvəlcə 14 adı siyahıya salmaq barədə razılaşmışdıq, lakin bir neçə ölkə bunun kifayət olmadığını bəyan etdi. İndi daha 17 rəsmiyə qarşı sanksiyaların tətbiqi barədə konsensus əldə etmişik. Bunlar seçkidəki saxtakarlığa, şiddət və təzyiqlərə görə məsuliyyət daşıyan yüksək vəzifəli şəxslərdir", diplomatlar bildirib.
Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirləri avqustun sonunda Berlində keçirilən qeyri-formal görüşdə sanksiyalar siyahısı, səyahət qadağaları və aktivlərin dondurulması barədə razılıq əldə etsələr də, ancaq kimə sanksiyalar tətiq olunacağına qərar verməmişdilər.
Şərqi Aralıq dənizindəki mübahisə ilə əlaqədar Türkiyəyə qarşı ayrı-ayrı sanksiyalar tətbiq edilməsinə çalışan Yunanıstan və Kipr hələ Belarus rəsmiləri ilə bağlı sanksiyalara dəstək verməyib.
"Reuters" diplomatlara istinadən bildirir ki, Belarusla bağlı sanksiyaların təsdiqlənməsi üçün Aİ-yə üzv 27 ölkənin razılığı alınmalıdır, Afina və Lefkoşa Belarusa qarşı sanksiyalara verəcəyi dəstəkdən Türkiyəyə qarşı sərt tədbirlər görmək üçün istifadə edə bilər.
Diplomatlar yeni adların siyahıya əlavə olunacağını və ya siyahıdan silinə biləcəyini istisna etməyiblər. Onlar rəsmi razılığın sentyabrın ortalarına qədər əldə olunacağını və yekun siyahının Aİ Xarici İşlər nazirlərinin sentyabrın 21-də keçiriləcək görüşündə bəyan olunacağını bildiriblər. Belə olan halda sanksiyalar sentyabrın 22-də qüvvəyə minəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR