Almaniya XİN başçısı İsrailə səfər edib

Almaniya XİN başçısı İsrailə səfər edib
# 10 iyun 2020 11:10 (UTC +04:00)

Almaniyanın Xarici İşlər naziri Hayko Maas iyunun 10-da İsrailə səfər edib.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Hayko Maas İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşəcək.

Tərəflər regional məsələləri, o cümlədən ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq sülh planının gələcəyini müzakirə edəcəklər.

H. Maas İsrailin Xarici İşlər naziri Gabi Aşkenazi və Müdafiə naziri Benni Qantz ilə də görüşəcək.

Almaniya XİN başçısının Fələstinin Baş Naziri ilə də virtual formatda müzakirə aparacağı gözlənilir. Almaniya Xarici İşlər Nazirliyi (XİN) H. Maasın koronavirus pandemiyası ilə əlaqədar Fələstin hökumətinin yerləşdiyi Ramallah şəhərinə getməyəcəyini açıqlayıb.

Bu, mayın 17-də yeni koalisiya hökuməti and içdikdən sonra ilk yüksək vəzifəli şəxsin İsrailə səfəri olacaq. Almaniya mətbuatı H. Maasın Avropa İttifaqı (Aİ) adından İsrail hökumətinin İordan çayının qərb sahili ilə bağlı planlarına etirazını çatdıracağını yazıb.

Belə ki, iyulun 1-dən Aİ-yə sədrlik Almaniyaya keçəcək. Bu isə o deməkdir ki, Almaniya İsrailin İordan çayının qərb sahili ilə bağlı planlarına görə sanksiyaların tətbiqi məsələsində mühüm rol oynayacaq. Aİ hələlik İsrailə qarşı addım atmayacağını bəyan edib, çünki sanksiyaların tətbiq olunması üçün bloka üzv 27 dövlətin hamısının təsdiqi tələb olunur.

Qeyd edək ki iyulun 1-də İsrailin Baş Naziri B. Netanyahu Nazirlər Kabinetinə və parlamentə ilhaq təkliflərini təqdim etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR