Almaniya hökuməti bəyan edib ki, Aleksey Navalnını zəhərləyiblər

#
# 18:27
2 sentyabr 2020

Almaniya hökuməti bəyan edib ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnını zəhərləyiblər.

APA-nın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib. 

Almaniya kanslerinin mətbuat katibi Ş. Zaybert deyib ki, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.

Onun sözlərinə görə, kansler Angela Merkel, Maliyyə naziri Olaf Şoltz, Xarici İşlər naziri Hayko Maas, Daxili İşlər naziri Horst Sofer, Ədliyyə naziri Kristine Lambreçt və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer bu məsələni müzakirə edərək müvafiq addımların atılması barədə razılığa gəliblər.

"Federal hökumət bu aktı qətiyyətlə qınayır. Rusiya hökumətindən hadisə ilə bağlı izah tələb edilir. Xanım Navalnıya və həkimlərə müayinənin nəticələri barədə məlumat verilib. Xarici İşlər Nazirliyi isə Rusiya səfirinə istintaqın nəticələri barədə məlumat verəcək.

Federal hökumət Aİ və NATO-dakı müttəfiqlərini Federal Xarici İşlər Nazirliyi vasitəsi ilə istintaqın nəticələri barədə məlumatlandıracaq. Tərəfdaşlarla müvafiq ortaq reaksiya müzakirə ediləcək. Federal hökumət həmçinin Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə təmas quracaq. Hökumət Alman Bundestaqındakı parlament qruplarını da məlumatlandıracaq", - deyə mətbuat katibinin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR