Çexiya Aİ və NATO-ya üzv dövlətləri rusiyalı diplomatları ölkələrindən çıxarmağa çağırıb

#
# 18:26
20 aprel 2021

Çexiya Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətlərdən Praqa ilə həmrəylik göstərərək rusiyalı diplomatları ölkələrindən çıxarmalarını xahiş edib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın daxili və xarici işlər naziri Jan Hamacek deyib.

“Aİ və NATO ölkələrini həmrəylik göstərək diplomatların çıxarılması ilə bağlı kollektiv addım atmağa çağırırıq”, - deyə çexiyalı nazir vurğulayıb.

O bildirib ki, aprelin 21-də Rusiyanın Çexiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq: “Məntiqlisi odur ki, əgər Çex Respublikası əlavə addım atarsa, öncə Rusiya səfiri bu barədə məlumatlandırılmalıdır”.

J. Hamacek qeyd edib ki, Çexiya hökuməti COVID-19 əleyhinə Rusiya istehsalı olan “Sputnik V” peyvəndini almağı nəzərdən keçirməyəcək.

Nazir Çexiyadakı bütün rus diplomatların ölkədən çıxarılmasının mümkünlüyünə də toxunub.

Xatırladaq ki, Rusiya təhlükəsizlik xidməti 2014-cü ildə Çexiya ərazisində ölümlə nəticələnən partlayış təşkil etməkdə günahlandırıldıqdan sonra Çexiya hökuməti Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən çıxarıb. Çexiya Təhlükəsizlik Xidməti bu şəxslərin casus olduğunu müəyyən edib. Buna cavab olaraq Moskva da Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR