Koronavirus böhranına görə Aİ-nin iqtisadiyyatının dirçəldilməsinə 1,5 trln. avro lazım ola bilər

Koronavirus böhranına görə Aİ-nin iqtisadiyyatının dirçəldilməsinə 1,5 trln. avro lazım ola bilər
# 20 aprel 2020 12:02 (UTC +04:00)

Koronavirusun fəsadlarının aradan qaldırılması üçün Avropa İttifaqının (Aİ) iqtisadiyyatının dirçəldilməsinə 1,5 trilyon avro lazım ola bilər.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin iqtisadiyyat məsələləri üzrə komissarı Paolo Centiloni “Der Spiegel”ə müsahibəsində bildirib.

O deyib ki, Aİ daha əvvəl səhiyyə sistemi ilə yanaşı kiçik və orta biznesin nümayəndələrinə dəstək məqsədi üçün 500 milyard avroluq plan tərtib edib.

“Bununla belə hələ ən azı 1 trilyon avroya ehtiyac ola bilər. Biz tez-tez Marşal planı haqqında danışıb belə bir plana ehtiyacımız olduğunu deyirik. Lakin unutmaq olmaz ki, həmin plan çərçivəsində pul yardımı İkinci Dünya müharibəsindən iki il keçəndən sonra yönləndirilmişdi. Hazırda bu üsul kömək etməz. Virusun bizimlə sülh bağlayacağı zamanı gözləyə bilmərik, bərpa işləri artıq başlamalıdır”, - deyə o qeyd edib.

Aİ-nin Komissarı vurğulayıb ki, bərpa məsələləri ilə bağlı maliyyələşdirmədə təşkilatın ümumi alətlərə ehtiyacı var: “Başqa cür biz Avrozonadakı iqtisadiyyatla daxili bazardakı iqtisadiyyat arasındakı fərqin çox böyük olacağı bir situasiyaya düşə bilərik”.

P. Centiloni Beynəlxalq Valyuta Fondunun Avrozonada Ümum Daxili Məhsulun bu il 7.5 faiz düşə biləcəyi ilə bağlı proqnozunu olduqca real hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR