Mövlud Çavuşoğlu: “Yunanıstan beynəlxalq hüququ saymasa, zərər çəkər”

Mövlud Çavuşoğlu: “Yunanıstan beynəlxalq hüququ saymasa, zərər çəkər”
# 01 sentyabr 2020 14:23 (UTC +04:00)

“1947-ci ildə qəbul edilən Paris Sülh Sazişinə görə Meis adası silahlandırıla bilməz. Yunanıstan Avropa İttifaqının da dəstəyi ilə, sadəcə, Meis adasında deyil, Şərqi Aralıq və Egey dənizlərində də beynəlxalq hüquqa zidd addımlar atır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Əlcəzairin Xarici İşlər Naziri Sabri Bukadumla görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

Nazir Yunanıstana bir daha çağırış edərək bildirib ki, bu ölkə Türkiyə əleyhinə atdığı addımlara son qoymalıdır: “Biz beynəlxalq hüquqa əsaslanan haqlarımızı sonadək qoruyacağıq. Yunanıstana çağırışımızı bir daha yeniləmək istəyirik, başqalarının fitvası ilə Türkiyə əleyhinə davranışlara son verin, qonşuluq prinsiplərini pozmayın”.

M. Cavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş Naziri Kiriakos Miçotakisə iki dəfə birbaşa dialoq təklifi etdiyini xatırladaraq bildirib ki, Yunanıstan tərəf bu təklifi nəzərə almır: “Rəsmi Yunanıstan problemin həllinə deyil, bu hərəkətləri ilə Türkiyəni qıcıqlandırmağa çalışır ki, bu da son dərəcə təhlükəlidir. Bundan ən çox zərərçəkən yenə də Yunanıstan olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR