Tbilisidə mikromaliyyə təşkilatının binasına hücum edən şəxs tələblərini səsləndirib - YENİLƏNİB 1

Tbilisidə mikromaliyyə təşkilatının binasına hücum edən şəxs tələblərini səsləndirib - YENİLƏNİB 1
# 20 noyabr 2020 19:24 (UTC +04:00)

Tbilisidə mikromaliyyə təşkilatının binasına hücum edən şəxs tələblərini səsləndirib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, basqın edən şəxsin videomüraciəti girov götürülən şəxslərdən birinin yardımı ilə çəkilib və sosial şəbəkədə paylaşılıb.

Videoda basqınçı millət vəkillərinin parlamentə toplanmalarını və üç qanun qəbul etmələrini tələb edib. Bildirib ki, bu qanunlara əsasən Gürcüstan daxilində qumar oyunlarının keçirilməsinə qadağa qoyulmalı, kredit faizləri 7%-ə endirilməli və mövcud krediti olan şəxslərin borcu da 7%-lə hesablanmalı və əczaxanalarda dərmanların qiyməti endirilməlidir. Basqın edən şəxsin üzündə maska olmadığından şəxsiyyətinin müəyyən edilməsinin mümkün olduğu bildirilir.

***

18:07

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mikromaliyyə təşkilatının binasına silahlı basqınla bağlı məlumat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Patrul Polisi Xidmətinin rəhbəri Vaja Siradze bildirib ki, paytaxtın Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına bir nəfər silahlı şəxs basqın edib.

"Bizdə olan məlumata görə, hazırda təşkilatın ofisində 9 girov və bir silahlı basqınçı var. Faktla əlaqədar oğurluq və qeyri-qanuni odlu silah daşıma maddələri ilə cinayət işi açılıb", - deyə V. Siradze bildirib.

Qeyd edək ki, insidentlə əlaqədar ofisin yerləşdiyi binanın sakinləri təxliyə edilib.

***

17:54

Gürcüstanın paytaxtı Tbilisidə Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı basqın olub.

APA-nın yerli bürosu xəbər verir ki, insidentlə əlaqədar əraziyə çox sayda polis cəlb olunub, binanın ətrafı mühasirəyə alınıb.

Silahlı şəxsin 10 nəfəri girov götürdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR