ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır

ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
# 20 avqust 2020 14:45 (UTC +04:00)

“Son iki ayda Avropa regionunda hər həftə davamlı olaraq yeni yoluxma halları artmaqdadır”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe mətbuat konfransında deyib.

“İnfeksiyaya yoluxmaların sürətlənməsi riski bizdən uzaqlaşmır. Yoluxmanın ən çox azaldığı iyun ayının ilk həftəsi ilə müqayisədə, avqust ayının ilk həftəsində 40 mindən daha çox yoluxma halı qeydə alınıb.

Artıq Avropa regionunda hər gün orta hesabla 26 mindən çox yeni yoluxma halları qeydə alınır. Bu, dövlət orqanlarının bəzi məhdudiyyətləri yumşaltması və insanların qorunma tədbirlərini zəiflətməsi ilə əlaqədardır.

Yaxşı xəbər budur ki, indi biz bu virusun qapalı məkanlarda, çox sayda insanın bir yerə toplanması, ucadan danışması və mahnı oxuduğu hallarda necə yayılması barədə daha geniş məlumata sahibik.

Əsas problem odur ki, lokallaşmış yoluxmalar daha çox iş yerləri və qayğı evləri kimi qapalı şəraitdə baş verir. Yaxud da sosial toplantılar, ərzaq istehsalı və digər sənaye obyektlərində, habelə səyahətlər zamanı qeydə alınır.

Miqrantlar və qaçqınlar kimi həssas qruplar arasında baş verən son yoluxmalar göstərir ki, biz heç kimi diqqətdən kənarda qoya bilmərik. Virus bərabərsizliyi artırır”, - deyə Hans Kluqe bildirib.

ÜST rəsmisi qeyd edib ki, məktəblərə təhlükəsiz qayıdış, yaxınlaşan qrip mövsümünü uğurla idarə etmək, iqtisadiyyatı qorumaq və ilin bu dövründə yaşlı insanlarda artan sağlamlıq risklərini aradan qaldırmaq üçün düzgün səhiyyə tədbirləri görülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR