XİN Avropa İttifaqı rəhbərlərinin Türkiyəyə səfəri zamanı yaranan mübahisəli məqama aydınlıq gətirib

XİN Avropa İttifaqı rəhbərlərinin Türkiyəyə səfəri zamanı yaranan mübahisəli məqama aydınlıq gətirib
# 28 aprel 2021 19:47 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Şurasının prezidenti və Avropa Komissiyasının prezidentinin Türkiyəyə səfəri zamanı qarşılanma prosesində oturma ilə bağlı yaşanan mübahisəli məqamın qadın və avropalı olmaqla, İstanbul Sazişi və Avropa Komissiyasının mövqeyilə heç bir əlaqəsi yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç Aİ Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə son səfərləri zamanı yaranan mübahisəli məqama münasibət bildirərkən deyib.

T.Bilgiç bildirib ki, məsələ Aİ protokolunun öz aralarında razılaşdırılmaması və səhlənkarlığı nəticəsində baş verib: “Türkiyə Aİ-nin protokol qaydalarının tələblərinə uyğun olaraq davranıb və Türkiyədəki protokol tənzimləmələrdə səlahiyyət sahiblərinin cinsinə görə fərqli bir tətbiq yoxdur. Bu səbəbdən, heç kim köklü bir diplomatiya ənənəsinə sahib olan Türkiyənin qonaqpərvərlik təcrübəsini şübhə altına almamalıdır”.

XİN sözcüsü deyib ki, Türkiyə Aİ Komissiyanın ilk dəfə qadın tərəfindən rəhbərlik edilməsindən məmnundur və bunu gender bərabərliyi baxımından əhəmiyyətli hesab edir: “Prezidentimizin də Ursula von der Leyen ilə qarşılıqlı etimada və hörmətə əsaslanan səmimi dostluq münasibətləri var.

Aİ daxili siyasi çəkişmələrdən qaynaqlanan və təfərrüatları Aİ rəsmilərinə aid olan olan bu hadisənin hələ də bəzi ölkələrdə siyasi mübahisələr məqsədilə istifadə edilməsi və xüsusilə cinsi ayrı-seçkiliklə əlaqələndirilməsi təəssüf doğurur”.

XİN sözçüsünün fikrincə, önəmli olan mühüm bir qurumun iki liderinin Aİ-yə üzvlüyə namizəd ölkə olan Türkiyəni ziyarət etmələri və ziyarətin müsbət nəticələridir: “Ümid edirik, Aİ liderləri öz aralarında bir konsensus əldə edərək başqa yerlərdə oxşar problemlər yaratmazlar”, - deyə T.Bilgic vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə son səfəri zamanı Aİ liderləri R.T.Ərdoğan tərəfindən qəbul edilərkən Aİ Şurasının sədri Şarl Mişel Aİ protokol qaydaları ilə ona ayrılan kresloda otrurub, Aİ Komissiyasının prezidenti Leyen isə bir müddət ayaq üstdə qaldıqdan sonra, divanda oturmağa dəvət edilib.

Leyen bununla əlaqədar açıqlamasında bildirib ki, bir avropalı və qadın olaraq bu prosesdə özünü yalqız hiss edib və inciyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR