Çavuşoğlu yunan həmkarının ittihamlarına sərt reaksiya verib: “Yunanıstan təxribatçılıqdan uzaq durmalıdır”

Çavuşoğlu yunan həmkarının ittihamlarına sərt reaksiya verib: “Yunanıstan təxribatçılıqdan uzaq durmalıdır”
# 15 aprel 2021 20:48 (UTC +04:00)

“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar irəli sürdü. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan Yunanıstan XİN başçısı Nikos Dendiasla keçirilən mətbuat konfransında yunan nazirin təxribat yaradan açıqlamalarından sonra bildirib.

İki ölkə arasında əlaqələrin müsbət həlli yolunda davam edən mətbuat konfransının sonunda N.Dendias təxribat yaradacaq ifadələr işlədib.

Çıxışı zamanı N.Dendias iki qonşu ölkə arasında əlaqələrin möhkəmlənməsinin və Türkiyə ilə Yunanıstan arasında münaqişə yaradan mövzuların müzakirə olunmasının vacibliyini bildirib. Yunan nazir ölkəsinin Türkiyənin Avropa İttifaqına üzv olmasına tərəfdar olduğunu deyərək Yunınıstan tərəfinin şərtlərini də səsləndirib: “Türkiyə qonşu ölkə olaraq Avropa İttifaqının üzvü olarsa, biz də bundan mənfəət əldə edə bilərik. Türkiyədə xalqının əksəriyyətinin də bunu dəstəklədiyini bilirik. Ona görə də biz Avropa Şurasında Türkiyə ilə azad viza mövzusunu müzakirə etməyə hazırıq. Bu mövzuda biz konstruktiv bir münasibət göstəririk, ancaq Aİ prinsiplərinə və dəyərlərinə də hörmət edilməlidir. Bu, Avropa İttifaqına üzv olan bütün dövlətlərin suveren hüquqlarına hörmət etməklə mümkündür. Türkiyə həm Egey dənizində, həm də Şərqi Aralıq dənizində beynəlxalq dəniz hüququnun tələblərini pozur. Amma əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək. Ona görə də Türkiyə həm Aİ üzvlüyünə qəbulunda, həm də ikitərəfli münasibətlərimizə təsir edən məsələlərdə bunları nəzərə almalıdır”.

Yunan nazir miqrasiya və qaçqınlar mövzusunu Türkiyənin çox vurğuladığını, mövzu ilə bağlı yeni bir müqavilə bağlanmasına ehtiyac olsa da, uğurlu nəticələr vermək üçün lazımi təbirlər görülməsinin vacibliyini bildirib.

M.Çavuşoğlu bütün bu ittihamlara etiraz edərək deyib ki, Türkiyənin Şərqi Aralıq dənizində və Egey dənizində kontinental şelf sərhədləri BMT-nin dəniz konvensiyasının normaları ilə müəyyən olunub: “Beynəlxalq hüquqdan bəhs edirsiniz, amma siz kontinental şelf, hava sahəsi və adaların silahsızlaşdırılmasında beynəlxalq hüququ pozursunuz”.

Miqrantlar məsələsilə bağlı M.Çavuşoğlu deyib ki, Türkiyə bu mövzuda nə Yunınsıtan, nə də Avropa İttifaqından sui-istifadə edib: “Biz bu məsələdə hər zaman humanist davrandıq. Amma sizin 4 ildə 80 min qaçqını geri qaytardığınızın, Türkiyə üzərindən geri qayıtmayanları da necə dənizə atdığınızın şahidiyik. Məlumdur ki, siz mətbuatın önündə ölkənizə mesaj vermək məqsədilə Türkiyəni ittiham edirsiniz”.

Yunanıstanda yaşayan türkləri N.Dendiasın “müsəlman azlıq” adlandırmasına da M.Çavuşoğlu sərt reaksiya verib: “Türkiyədə yaşayan ortodoksal azlığı biz yunan qəbul edirik, amma sizin Yunanıstanda yaşayan türklərə “müsəlman azlıq” deməniz, onların türklüyünü danmanız nə humanizm prinsiplərinə, nə də beynəlxalq hüquqa uyğundur. Keçmişdə Türkiyədə də bəzi belə problemlər yaşanıb, kürdlərə “sən kürd deyilsən, Türkiyədə yaşadığın üçün türksən” kimi ittihamlar olunub, amma bütün bunlar keçmişdə qaldı. Bu gün Türkiyədə hər kəs hansı millətə mənsub olduğunu rahatlıqla ifadə edir”.

M.Çavuşoğlu bildirib ki, Yunanıstan bu cür təxribatlardan uzaq durmasa, iki ölkə arasındakı problemlərin həlli baş tutmaz: “Bu gərginliyi siz davam etdirsəniz, biz də davam etdirməyə məcburuq. Amma bütün bunlara baxmayaraq, Türkiyə olaraq biz yenə də dialoqun tərəfindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR