Çavuşoğlu "kreslo skandalı"nın "Aİ Şurası və Avropa Komissiyası arasında rəqabətə görə baş verdiyini deyib

Çavuşoğlu "kreslo skandalı"nın "Aİ Şurası və Avropa Komissiyası arasında rəqabətə görə baş verdiyini deyib

© APA | Mövlud Çavuşoğlu və Hayko Maas mətbuat konfransında

# 06 may 2021 15:10 (UTC +04:00)

"Almaniyanın da töhfəsi ilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərimizdə daha müsbət atmosfer formalaşıb, bütün səviyyələrdə dialoqumuz artıb. Prezident Ərdoğanın Aİ Şurasının və Avropa Komissiyasının Prezidentləri ilə görüşü də bunlardan biridir." 

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə XİN başçısı bildirib ki, Aİ institutlarının rəhbərlərinin bu yaxında Türkiyəyə səfəri çərçivəsində baş tutan görüşlər çox səmimi şəraitdə keçirilib və səmərəli olub. 

"Bu görüşlərdə biz bütün məsələlər barədə danışdıq, gələcək üçün atılacaq addımları müzakirə etdik, son dərəcə faydalı görüşlər idi. Təəssüf ki, məlum protokol məsələsinə görə görüşlərimizdə müzakirə olunan məsələlər deyil, həmin protokol məsələsi əsas müzakirə mövzusu oldu. 

Biz Türkiyə olaraq protokolların nə olduğunu bilirik, köklü dövlət ənənəmiz var, 2023-cü ildə Türkiyə XİN özünün 500 illiyini qeyd edəcək. Beynəlxalq protokol qaydalarını da bilirik və bu günə qədər Türkiyədən belə bir şikayət olmayıb. Türk qonaqpərvərliyini hər kəs bilir, qonaqla necə davranmaq lazım olduğunu bilən millətik. Burdakı tablo, vəziyyət bizə görə baş vermədi. Təəssüflə söyləyirəm ki, bu, Aİ Şurası və Avropa Komissiyası arasında olan rəqabətə görə baş verdi. Bunu bu qədər açıq şəkildə söyləməyə məcbur olduq", - deyə M. Çavuşoğlu bildirib.

Türkiyə XİN başçısı bu görüşlərdən əvvəl hazırlıq toplantısının keçirildiyini, lakin Avropa Komissiyasının protokol heyətinin bu toplantıda iştirak etmədiyini deyib: "Aİ Şurasının heyəti bu görüşə qatıldı və onlar necə təklif etdilərsə, biz də elə təşkil etdik. Mən də bunu görəndə bir az təəccübləndim. Öz protokolumuzdan və Prezidentin müşavirindən bu barədə soruşdum. Onlar da bunu təsdiqlədilər. 

Bu rəqabəti və davanı görməkdən üzüldük. Böyük Avropa İttifaqı bir protokola görə belə mübahisə etməməlidir. Biz əlimizdən gələn hər şeyi etdik".

M. Çavuşoğlu Aİ rəsmiləri arasında naharda da harda oturmaqla bağlı rəqabətin olduğunu əlavə edib. 

"Amma bütün bunları bilməsinə rəğmən, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin "Mən qadın olduğum üçün belə oldu" deməsi və Türkiyəni nəzərdə tutması doğru deyil. Aİ-ni nəzərdə tutursa bu, onların öz məsələsidir. Bizdə protokol qaydalarında qadın və ya kişi arasında ayrı-seçkilik edilmir. Qadının siyasətdə, iş həyatında rolu bizdə çox vacibdir. 

Deməyim odur ki, öz aralarındakı mübahisə və çəkişməyə Türkiyəni daxil etməsinlər. Bizdən qaynaqlanan bir vəziyyət yoxdur", - deyə Türkiyə XİN başçısı vurğulayıb. 

Xatırladaq ki, Aİ institutları rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində "kreslo skandalı" yaşanıb. Belə ki, Aİ Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ursula von der Leyenin oturması üçün kreslo qoyulmayıb. Daha sonra Avropa Komissiyasının Prezidenti bu hadisəni onun qadın olması və diskriminasiyaya məruz qalması ilə əlaqələndirib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR