Rauf Denktaş Türkiyədə insan haqları pozuntularına yol verildiyini bildirib

Rauf Denktaş Türkiyədə insan haqları pozuntularına yol verildiyini bildirib
# 23 iyul 2008 15:06 (UTC +04:00)
Lefkoşa APA. Şimali Kipr Türk Respublikasının keçmiş prezidenti Rauf Denktaş bəzi dairələrin onu ““Ergenekon əməliyyatı”na daxil etməyə çalışdığını bildirib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. Denktaş belə cəhdlərin əbəs olduğunu bildirib: “Biz Türkiyə aşiqiyik, hər zaman ana vətən üçün çalışdıq. Kipr məsələsinə də ana vətənin mənafeyi çərçivəsində yanaşmışıq. Mənim əleyhimə heç nə tapa bilməzlər”. Sabiq prezident hazırda həbsdə olan ordu generalları Xurşid Tolon və Şənər Əruyğuru “əziz dostlar” adlandırıb: “Türkiyənin bütün hərbi və mülki elitası ilə illərdir təmasdayam. Kiprə gəlib xidmət edənlərlə isə qardaş kimiyik”. R. Denktaş Atatürk ideyaları, Kipr problemi, türban məsələsi ilə bağlı fikirlərini açıqlamağa davam edəcəyini söyləyib: ”Deyəsən, işlərinə bir az çox qarışıram. Ona görə də susdurulmağım lazım gələcəksə, həll edəcəklər”. R. Denktaş “Ergenekon” istintaqı çərçivəsində həbs olunmuş şəxslərdən birinin öldüyünü xatırladaraq bəyan edib ki, bu istintaqda insan haqları baxımından düzəldilməsinə ehtiyac olan məsələlər var. O, ABŞ-ın bütün dünyada həbs etdiyi şübhəliləri Quantanamoya aparıb dindirdiyinə diqqət çəkərək “Türkiyə Quantanamonu model kimi qəbul edə bilməz”, deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR