Ercan Çitlioğlu: “Qafqaz Sabitlik Paktı – ölü düşən uşaqdır”

Ercan Çitlioğlu: “Qafqaz Sabitlik Paktı – ölü düşən uşaqdır”
# 02 sentyabr 2008 09:13 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Əgər prezident Abdullah Gülün səfəri futbol oyunundan başqa iki ölkə arasında problemlərin həllinə yeni platforma yaradırsa, buna müsbət baxıla bilər”. Bu açıqlamanı APA-ya Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ercan Çitlioğlu verib. Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında problemlərin başında bu ölkənin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini 15 ildən çoxdur işğal altında saxlaması durur: “Bütün dünyanın işğal kimi qəbul etdiyi bir məsələ ilə bağlı iki ölkə prezidentinin fikir mübadiləsi aparması – İrəvanın bu məsələyə baxışını müəyyənləşdirmək nöqteyi-nəzərdən əhəmiyyətli ola bilər. Sərhədlərimizin Ermənistan tərəfindən tanınmaması, qondarma “erməni soyqırımı” iddialarını bizə qəbul etdirməyə çalışması və bununla bağlı bizim təklif etdiyimiz müştərək komissiya təklifini rədd etməsi bizi son dərəcə narahat edən məsələlərdir. Əgər görüşdə bu məsələlər gündəliyə gətirilib Ermənistanın tutduğu mövqe öyrənilsə, bu səfərin müəyyən dərəcədə əhəmiyyəti ola bilər. Bu səfərdə Türkiyənin Dağlıq Qarabağ məsələsini mütləq gündəmə gətirəcəyinə inandığıma görə səfərin iki qardaş ölkə arasında soyuqluq yaradacağına inanmıram”. Ercan Çitlioğlu Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik Paktını ölü doğulan uşağa bənzədib: “Məncə, Qafqaz Sabitlik Paktı – ölü doğulan uşaqdır. Xüsusilə, Rusiyanın tutduğu mövqe və ABŞ-ın bu məsələyə soyuq münasibət bəsləməsi səbəbilə təşəbbüsün həyata keçiriləcəyinə inana bilmirəm. Bu paktın həyata keçirilə bilməsi üçün Türkiyə ilə Ermənistanın anlaşması kifayət deyil. Önəmli olan Rusiyanın bu məsələdə tutacağı mövqedir. Bu paktın içində Rusiya ilə Ermənistanın necə mövqe tutacağına ABŞ-ın verəcəyi reaksiyada da həlledici rol oynayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR