Sergey Lavrov: “Türkiyə və Rusiya arasında gömrük sahəsində mövcud olan problemlər siyasi xarakter daşımır”

Sergey Lavrov: “Türkiyə və Rusiya arasında gömrük sahəsində mövcud olan problemlər siyasi xarakter daşımır”
# 02 sentyabr 2008 14:37 (UTC +04:00)
Ankara-APA. “Türkiyə və Rusiya arasında gömrük sahəsində mövcud olan problemlər siyasi xarakter daşımır”. APA-nın məlumatına görə, bu açıqlamanı Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əli Babacanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. O, gömrük sahəsində problemlərin aradan qaldırılması üçün iki dövlətin müvafiq qurumları arasında məsləhətləşmələrin başlandığını vurğulayıb: “Bu problemin heç bir siyasi xarakteri yoxdur. Bəzi ölkələr Rusiyanın gömrük sistemini etmədiyinə görə, gömrük sistemimizdə yeni mexanizmlərin tətbiqinə başlamışıq. Türkiyədən gələn maşınların gömrük məntəqələrindən buraxılmamasının səbəbi də budur. Türkiyəyə qarşı xüsusi tədbirlər görülməyib”. Əli Babacan isə Türkiyə və Rusiyanın iki dost ölkə olduğunu deyərək bildirib ki, qarşılıqlı münasibətlərin əsas hədəfi çoxsahəli tərəfdaşlıqdır: “Rusiya yalnız dost və qonşu ölkə deyil, eyni zamanda Türkiyənin ticarət və enerji tərəfdaşlarından biridir”. Əli Babacan görüşdə Qafqaz regionunda durum, Yaxın Şərq, İraq və İran kimi regional problemlərin müzakirə olunduğunu, fikir mübadiləsi aparıldığını bildirib. O, əsas diqqətin Qafqaz regionunda gedən proseslərə yönəldiyini vurğulayıb: “Qafqazda sülh və sabitliyinin bərqərar olması Türkiyə baxımından böyük əhəmiyyət daşıyır. Türkiyə problemlərin sülh və dialoq yolu ilə həllinə tərəfdardır. Gürcüstandakı prosesləri narahatlıqla izləyirik. Türkiyə Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verir”. Əli Babacan Qafqaz Sabitlik Paktının yaradılması ilə bağlı təklifi yenidən səsləndirdiyini, Sergey Lavrovun bu təklifi müsbət qarşıladığını bildirib: “Qarşıdan gələn illər ərzində Türkiyə ilə Rusiya arasında münasibətlərin çoxşaxəli olaraq inkişafına ümid bəsləyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR