Riçard Çeyni: “Ukraynanın NATO-ya üzv qəbul olunacağı barədə bəyanatımız qüvvədə qalır”

Riçard Çeyni: “Ukraynanın NATO-ya üzv qəbul olunacağı barədə bəyanatımız qüvvədə qalır”
# 05 sentyabr 2008 16:31 (UTC +04:00)
Kiyev-APA. “NATO-nun qapıları Ukrayna üçün açıq olaraq qalır”. APA-nın məlumatına görə, bu bəyanatla Ukraynada səfərdə olan ABŞ-ın vitse-prezidenti Riçard Çeyn çıxış edib. O, Ukraynanın NATO-nun bütün tədbirlərində aktiv çıxış etdiyini xatırladıb: “NATO-nun Buxarest sammitində bəyan edildi ki, Ukrayna NATO-ya üzv qəbul olunacaq. Bizim bəyanatımız qüvvədə qalır. Ukrayna yeganə ölkədir ki, hərbi alyansın üzvü olmasa da NATO-nun Kosovodan Əfqanıstana kimi bütün missiyalarında aktiv iştirak edir. Ukrayna xalqı NATO-ya üzv olub-olmamaqla bağlı seçim etməkdə azaddır. NATO isə Ukraynanın bu struktura dəvət etmək hüququna malikdir. Kiyevin buna hazır olduğuna əminlik yarandıqdan sonra biz bu addımı atacağıq. Heç bir kənar dövlət Ukraynanın hərbi alyansa üzv qəbul olmasına veto qoymaq hüququna malik deyil”. Gürcüstanda münaqişə zamanı nümayiş etdirdiyi mövqeyə görə prezident Viktor Yuşşenkoya təşəkkür edən Riçard Çeyni bildirib ki, Moskvanın son addımları onun beynəlxalq tərəfdaş kimi etibarlılığını şübhə altına qoyub. Qeyd edək ki, Azərbaycan və Gürcüstandan sonra Ukraynaya səfər edən Riçard Çeyni əvvəlcə baş nazir Yuliya Timoşenko, sonra prezident Yuşşenko ilə görüşüb. Görüşlərdə əsasən regional təhlükəsizlik, enerji daşıyıcılarının təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR